Frederik Vassyör: Heç olmasa, cəhd etdik…

Dünənki İspaniya Qran Prisidə Ferrari komandasının seçdiyi taktika İtaliya təmsilçisinə arzuladığı nəticəni qazandırmayıb. Scuderia-nın strateqləri məsafənin ilk hissəsini mümkün qədər uzatmağı seçib, təhlükəsizlik avtomobilinin yarışa müdaxilə edərək neytrallaşdırma yaradacağı ümidi ilə Şarl Lekleri trasda saxlayıblar, amma bu ümidlər özünü doğrultmayıb.

Nəticədə finişə çatan yeganə qırmızı maşın yarışı yalnız dördüncü yerdə, mövsümdə səkkizinci qələbəsini qazanan Kimi Antonellidən təxminən yarım dəqiqə geridə başa vurub. Lyuis Həmilton isə əyləc problemlərinə görə hələ 6-cı dövrədə mübarizəni dayandırıb.

“Bizim sadəcə bəxtimiz gətirmədi, – deyə yarışdan sonra Ferrari komandasının rəhbəri Frederik Vassyör Sky Italia-nın efirində izah edib. – Bilirdik ki, digər komandalar bir maşını daha yumşaq, digərini isə daha sərt təkərlərlə starta çıxarmağa hazırlaşır və biz də eyni cür davranmağa qərar verdik.

Startdan əvvəl hesablamışdıq ki, yarış ərzində təhlükəsizlik avtomobili böyük ehtimalla ən azı iki dəfə trasa çıxacaq, amma belə olmadı. Hər halda, biz cəhd etdik, tempimiz var idi və Şarl Hard tərkibli təkərlərlə ilk hissəni əla keçdi.

Yarışın orta mərhələsində əsas rəqibimiz Corc Rassell idi, o, ikinci pit-stopunu etməli idi, amma onun pit-leynə nə vaxt dönəcəyini bilmirdik. Nəticədə biz sərt təkərlərlə gedirdik, onlar yüksək tempi qorumağa imkan verirdi və biz də məcburən trasda qalmalı, mövqeyi saxlamalı və hadisələrin sonrakı inkişafını izləməli idik.

Təhlükəsizlik avtomobilinin ikinci dəfə trasa çıxacağını gözləyirdik və belə olsaydı, qələbə uğrunda mübarizə aparardıq. Amma bu baş vermədiyi üçün dördüncü nəticə ilə barışmalı olduq. Şarla müəyyən temp tapşırmışdıq və o da bunu əla şəkildə qorudu. Başqa variantlar barədə düşünmürdük, bunda məna yox idi.

O, işinin öhdəsindən əla gəldi, qırxdan artıq dövrə ərzində, özü də köhnəlmiş təkərlərlə sürərkən bircə səhvə belə yol vermədi və son dərəcə aqressiv hücum etdi. Düşünürəm ki, o, maşından maksimumu sıxıb çıxardı. Əgər bu həftəsonu nəyisə əldən vermişiksə, bu, şənbə günü, sıralanma turu üçün sazlamaları seçəndə oldu.

Lyuis Həmiltona gəlincə, onun maşınında bir anda əyləclər itməyə başladı və biz də dərhal yarışı dayandırmağa qərar verdik, çünki belə trasda yarışı davam etdirmək həddən artıq təhlükəli idi. Bunun səbəbləri ilə bağlı hələlik dəqiq məlumatımız yoxdur. Təəssüf ki, belə alındı, çünki Lyuis yarışın başlanğıcını əla keçirmişdi”.