Kimi Antonelli yarış akademiyası açmağı planlaşdırır

Şəxsi hesabda lider olan Kimi Antonelli avtoidmanda gənc sürücülərə karyera qurmağa kömək edəcək öz yarış akademiyasını açmağı planlaşdırıb. Auto Motor und Sport-a açıqlamasında Kimi bildirib ki, akademiyada əsas diqqət GT yarışlarına yönələcək.

Kimi Antonelli: “Biz gənc sürücülər üçün akademiya yaratmaq istəyirik ki, onların avtoidmana gəlmək şansı olsun. Bu, möhtəşəm, amma asan olmayan dünyadır və yarışlara yol tapmaq heç də asan deyil. Biz gənc pilotlara belə imkanları tapmaqda kömək etmək istəyirik.

GT yarışları indi sürətlə populyarlıq qazanır. Maks Ferstappen onlara daha çox diqqət cəlb etməyə və nə qədər maraqlı olduqlarını göstərməyə kömək edir. Gənc sürücülərin mütləq Formula 1-ə can atması vacib deyil, çünki peşəkar GT yarışlarında da çoxlu imkan var”.

Kimi Antonelli yarışlarla bağlı digər planından da danışıb. Mercedes lideri keçmişdə kuzov seriyalarında yarışmış, hazırda isə özünün AKM Motorsport komandasına rəhbərlik edən atası Marko ilə eyni heyətdə GT yarışına çıxmağı planlaşdırır.

“Biz demək olar ki, hər şeyi bir-birimizlə bölüşürük, xüsusilə də söhbət avtoidmandan gedəndə, gələcəklə bağlı ortaq planlarımız da var, – deyir Kimi Antonelli. – Atam çoxdan arzulayır ki, bir gün eyni yarışda çıxış edək. Üç il əvvəl mən onun komandasında çıxış etdim, amma hələ heç vaxt eyni heyətdə birlikdə yarışmamışıq. Biz bunu GT3 maşını ilə etmək istəyirik.

Vaxt tapsaq, bu layihəni mütləq həyata keçirəcəyik. Gələn il belə imkan mövsümün əvvəlində və ya ortasında mütləq yaranacaq. Atamın arzusunu reallaşdırmaq əla olardı”.