Pastor Maldonadonun qələbəsi Volffa iş tapmağa necə kömək edib

2012-ci ildə Pastor Maldonado gözlənilmədən İspaniya Qran Prisində qalib gələndə, Toto Volff Williams-ın səhmdarı və direktorlar şurasının üzvü olub. Cheeky Pint podkastında Volff bu qələbənin ona Mercedes-də iş tapmağa necə kömək etdiyini danışıb.

Toto Volff: “Pastorun Williams sükanı arxasında qazandığı qələbədən sonra mənə Mercedes-dən zəng gəldi. Direktorlar şurasının üzvlərindən biri məni Ştutqarta dəvət etdi və soruşdu: “Niyə sizin kiçik özəl komandanız yarış qazanır, biz isə yox?”

Mən onlardan Formula 1 layihəsindən nə gözlədiklərini soruşdum. Cavab sadə oldu: çempionluqlar. Mən də cavab verdim ki, Williams-da eyni büdcə ilə işləyirəm, amma məqsədim daha təvazökardır – ilk altılığa düşmək. Onlar etiraz etdilər: “Xeyr, bu, eyni büdcə deyil, biz 100 milyon daha çox xərcləyirik”.

Mən cavab verdim: “Bəli, amma siz həmin 100 milyonu Mixael Şumaxer və Niko Rosberqə yatırırsınız. Məndə isə, yeri gəlmişkən, yarış qazanmış Venesuelalı sürücü Pastor var. Fərq də bundadır”.

Bir müddət sonra onlar geri qayıtdılar və dedilər: “Biz hesab edirik ki, Formula1 komandasını korporasiyanın idarə etdiyi model işləmir. İdarəetmə fərqli olmalıdır. İstəyirik ki, bunu üzərinizə götürəsiniz və bunun üçün lazım olan səlahiyyətləri verməyə hazırıq”.

Volf deyib ki, əvvəlcə bundan imtina edib, çünki Williams-ın səhmdarı olub, bundan sonra isə Mercedes ona zavod komandasından pay təklif edib. O, 2013-cü ilin əvvəlində Mercedes-ə qoşulub. Komanda 2014-cü ildən 2021-ci ilə qədər ardıcıl səkkiz dəfə Mühəndislər Kubokunu qazanıb.

,