Niko Rosberq: “Atamla münasibətlərim asan olmayıb. Onun məsləhətlərinə həvəssiz qulaq asırdım, tənqidi məni dərindən yaralayırdı. Atamın mənimlə fəxr etməsini istəyirdim, nələri səhv etdiyimi deməsini yox. Buna görə də tamamilə özüm öyrənmişəm. Amma təşkilati işlərdə, hazırlıq prosesində atam çox kömək edib, mənim həmişə ən yaxşı avadanlığım, ən yaxşı şəraitim olub.
Məni Mixael Şumaxerin uğurları yox, atamın nailiyyətləri motivasiya edib. Amma onlar olmasaydı, karyeramı maliyyələşdirmək daha çətin olardı, çünki sponsorumların çoxu alman idi. Şumaxerin uğurları olmasaydı, atam karyerama çox böyük vəsait yatırmalı olardı. Söhbət milyonlardan gedir.
Formula1 bolidinin sükanı arxasına ilk dəfə əyləşəndə keçirdiyim heyranı yaxşı xatırlayıram. Cəmi on yeddi yaşım vardı. Formula1 hələ çox uzaqda idi və birdən yekunların elan olunduğu tədbirdə səhnədən BMW nümayəndəsi dedi ki, çempionluqdan əlavə, mən Formula 1 testlərini də qazanmışam. O vaxt Ferrari-dən sonra ən güclü komanda olan Williams-ın sükanı arxasında. Atamın iyirmi il əvvəl dünya çempionu olduğu komandanın. Sarsılmışdım.
Testlər Barselonada keçirilirdi. Əlbəttə, həyəcanlanırdım. Testlərdə mənimlə birlikdə Ralf Şumaxer və Xuan Pablo Montoya iştirak edirdi. Düşünürdüm ki, belə bir raketi yalnız belə əfsanələr idarə edə bilər. Mənim, hətta sürücülük vəsiqəm də yox idi. Titul qazandığım maşında 140 at qüvvəsində mühərrik vardı, bundasa doqquz yüzdən çox idi.
Qaz pedalını ilk dəfə sona qədər basdığım anı xatırlayıram. Bu, inanılmaz, fantastik sürətlənmə idi. Sonra isə karyeram boyu dönə-dönə yaşadığım şey baş verdi.
Sudakı balıq kimi hiss edirdim özümü. Bu maşını idarə etmək tamamilə təbii gəlirdi. Pit-leyndə hamı elə bilirdi ki, sükan arxasında Montoyadır. Döngədə kimsə dedi: “Bu ola bilməz, o nədir, dəli olub? Bu axı Nikodur!” İlk dövrəmin videosu var, orada kiminsə “O nədir, dəli olub?” dediyi eşidilir. Hamı narahat idi ki, mən çox yavaş gedəcəyəm və hətta təkərləri də qızdıra bilməyəcəyəm. Amma belə olmadı”.





