Britaniya-2026: Antonelli yenidən pouldadır

Sprint olan mərhələlərin əsas mənfi cəhəti ondan ibarətdir ki, əsas sessiyalar başlamazdan əvvəl qüvvələr nisbəti böyük ölçüdə müəyyənləşir. Lakin Silverstounda intriqa qorunub, çünki gözlənilməz nəticələr alınıb.

Həftəsonu başlamazdan əvvəl hamı Mercedes-in üstünlüyündən və Red Bull-un irəliləyişindən danışıb. Şpilberqdə keçirilən əvvəlki yarışda komandanın maşını ciddi şəkildə yeniləməsindən sonra Maks Ferstappen qələbəyə çox yaxın olub. Lakin cəmi bir neçə gün sonra Silverstounda tam fərqli mənzərə müşahidə edilib.

Cümə günü keçirilən yeganə məşq sessiyasında Lyuis Həmilton protokola başçılıq edib, daha sonra sprint sıralanma turunu da zirvədə başa vurub. Sprint yarışında britaniyalı pilot uzun müddət lider olsa da, Kimi Antonellinin hücumlarına tab gətirə bilməyib.Kimi sprintin qalibi olub, Həmilton ikinci, Norris isə üçüncü yeri tutub.

Sprintdən sonra maşınlar bağlı park rejimindən çıxıblar, komandalar sazlamalara düzəliş ediblər və mübarizə yenidən başlayıb. Pirelli mərhələyə “orta” üçlüyü – Hard rolunda C2, Medium rolunda C3 və Soft rolunda C4 tərkiblərini gətirib.

Birinci sessiya

Hülkenberq və Bortoleto ilk cəhdlərinə Medium təkərlərlə çıxıblar, qalan pilotlar isə dərhal Soft təkərlərə üstünlük veriblər. Səkkizinci dəqiqədə sarı bayraqlar göstərilib. Rassell 7-ci döngədə çınqıl zonasına çıxıb və baryerə toxunaraq ön qanadını zədələyib.

Corc trasa qayıdıb və boksa çataraq maşını mexaniklərə təhvil verib. Asılqan zədələnməyib və qısa təmirdən sonra Rassell yenidən trasa qayıdıb.

Sessiyanın sonunda Kolapinto 15-ci döngədə yerində fırlandıqdan sonra trasdan çıxıb. Okon isə sarı bayraqlar altında sürətini azaltmayıb və sessiyadan sonra stüardlar qarşısına çıxacaq.

İlk cəhddə ən yaxşı nəticəni Lekler göstərib, ikinci cəhddə isə Həcər daha sürətli olub – 1:29.276. İlk dördlük maraqlı alınıb: Həcər – Louson – Lekler – Hülkenberq. Aston Martin və Cadillac sürücüləri ilə yanaşı, Kolapinto və Okon da mübarizəni ilk sessiyada dayandırıblar.

İlk sessiyada mübarizəni dayandıranlar
S Sürücü Komanda Nəticə Dövrə
17 Esteban Okon Haas 1:30.680 9
18 Valtteri Bottas Cadillac 1:31.227 8
19 Franko Kolapinto Alpine 1:31.321 5
20 Serxio Peres Cadillac 1:31.451 9
21 Fernando Alonso Aston Martin 1:32.863 9
22 Ləns Stroll Aston Martin 1:33.025 9

Marşallar Kolapintonun trasdan çıxmasından sonra yola tökülən çınqılı təmizləməli olublar. Buna görə də ikinci sessiyanın başlanğıcı bir neçə dəqiqə gecikib.

İkinci sessiya

Bütün pilotlar Soft təkərlərlə trasa çıxıblar. İlk cəhddə Həmilton 1:28.864-lük nəticə ilə protokola başçılıq edib. Antonelli güc qurğusunun qaz pedalına reaksiya vermədiyini bildirib, lakin hərəkətini davam etdirib.

İkinci cəhddə əvvəlcə Lekler daha sürətli olub, daha sonra isə Antonelli 1:28.493-lük nəticə göstərib. Elbon, Sayns, Berman, Hülkenberq, Qasli və Bortoleto final sessiyasına yüksələ bilməyiblər.

İkinci sessiyada mübarizəni dayandıranlar
S Sürücü Komanda Nəticə Dövrə
11 Qabriel Bortoleto Audi 1:29.461 6
12 Pyer Qasli Alpine 1:30.063 6
13 Niko Hülkenberq Audi 1:30.076 6
14 Oliver Berman Haas 1:30.501 6
15 Karlos Sayns Williams 1:30.623 6
16 Aleks Elbon Williams 1:31.341 6

Final sessiyası

Bütün pilotlar ilk cəhd üçün yeni Soft təkər dəstindən istifadə ediblər. Yalnız Lousonun yeni təkərləri qalmayıb. Antonelli 1:28.385-lik nəticə ilə protokola başçılıq edib. Louson dövrəsini tamamlamadan boksa qayıdıb, Lindblad isə ilk cəhdi buraxıb.

İkinci cəhddə Antonelli nəticəsini yaxşılaşdırıb – 1:28.111. Lekler ikinci, Həmilton isə üçüncü pilləyə yüksəlib.

İlk onluq
S Sürücü Komanda Nəticə Dövrə
1 Kimi Antonelli Mercedes 1:28.111 6
2 Şarl Lekler Ferrari 1:28.286 6
3 Lyuis Həmilton Ferrari 1:28.458 6
4 Corc Rassell Mercedes 1:28.481 6
5 Ayzek Həcər Red Bull 1:28.746 6
6 Lando Norris McLaren 1:28.877 6
7 Maks Ferstappen Red Bull 1:28.893 6
8 Oskar Piastri McLaren 1:29.032 6
9 Arvid Lindblad Racing Bulls 1:29.305 3
10 Lyam Louson Racing Bulls 1:29.716 5

Andrea Kimi Antonelli Silverstounda sıralanma turunun qalibi olub və mövsümdə beşinci poulunu qazanıb.

Yarışa ilk cərgədən Antonelli və Lekler, ikinci cərgədən Həmilton və Rassell, üçüncü cərgədən isə Həcər (mövsümdə ikinci dəfə Ferstappeni qabaqlayıb) və Norris start alacaqlar.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*