Sürətli dövrə: Kimi Antonelli – 1:13.481 (76-cı dövrə, 163.487 km/saat)
Şəhər trasında mühərrikin gücü və aerodinamikanın effektivliyi böyük rol oynamasa da, yeni maşınlar yenə də ötənilkilərdən yavaş olublar. Əgər 2025-ci ildə Lando Norris sıralanma turunda ən sürətli dövrəni 69 saniyəlik nəticə ilə vurmuşdusa, 2026-cı ildə Kimi Antonelli 72 saniyə ilə poul qazanıb.
Pirelli ənənəvi olaraq ən yumşaq təkər tərkiblərini gətirib – Hard rolunda C3, Medium rolunda C4 və Soft rolunda C5 iştirak edib. Ən yumşaq təkərlər sürət baxımından açıq üstünlük nümayiş etdirib və yarışda da məhz onlar istifadə olunub.
Qabriel Bortoletonun maşını start düzülüşünə yollanarkən pit yolunun çıxışında dayanıb. Mexaniklər onu geri itələyiblər və Qabriel yarışa pit-leynindən başlamağa məcbur olub.
Birinci sıradan Kimi Antonelli və Maks Ferstappen, ikinci sıradan Həmilton və Lekler, üçüncü sıradan isə Həcər və Rassell start alıblar. Peres, Bottas və Bortoleto yarışa Soft təkərlərlə başlayıblar, qalanları isə Medium seçiblər.
Startda Ferstappen yerindən tərpənə bilməyib və bütün pelotonu buraxıb. Qasli iki, Peres və Alonso isə hərəyə dörd mövqe qazanıblar. 2-ci dövrədə ilk onluq: Antonelli – Həmilton – Lekler – Həcər – Rassell – Piastri – Qasli – Norris – Louson – Elbon.
Bottas, Bortoleto və Berman boksa girərək təkərlərini dəyişiblər. Ferstappen isə güc qurğusundakı problemə görə boksa dönüb və yarışı dayandırıb. 4-cü dövrədə Alonso, 5-ci dövrədə isə Peres və Stroll pit-stop ediblər.
9-cu dövrədə Bottas ön əyləclərdən çıxan tüstüdən şikayət edib – Cadillac üç gün ərzində bu problemi həll edə bilməyib. Peres start zamanı düz yerdə durmadığı üçün pit-leyndən keçmək cəzası alıb və 10-cu dövrədə cəzasını çəkib. Okon da yeni təkərlərəə keçib.
13-cü dövrədə Hülkenberq boksa yollanıb. 18-ci dövrədə Bottas mübarizəni dayandırıb. Həcər bir neçə dövrə ərzində maşındakı problemlərdən şikayət edib. Rassell ona ciddi təzyiq göstərsə də, irəli keçə bilməyib. 28-ci dövrədə Ayzek şikananı kəsib, lakin Corcu önə buraxmayıb.
29-cu dövrədə Həmilton boksa girərək təkərlərini dəyişib və trasa üçüncü yerdə qayıdıb. O, pit-leyndə sürət həddini aşdığı üçün 5 saniyə cəza alıb. 30-cu dövrədə mühəndis Bermana ilk dövrədə Okonla təmas nəticəsində yaranmış problemə görə boksa dönməyi tapşırıb.
32-ci dövrədə Rassell, 33-cü dövrədə isə Həcər təkər dəyişib və Corc rəqibini qabaqlayıb. Lakin Rassell də pit-leyndə sürət həddini aşdığı üçün 5 saniyə cəza alıb. 35-ci dövrədə Norris batareya problemi barədə məlumat verib. Maşın sürət itirsə də, hərəkəti davam etdirib.
36-cı dövrədə Lekler pit-stop edib və trasa üçüncü yerdə, Həmiltondan 10 saniyə geri qayıdıb. 37-ci dövrədə Kolapinto da təkər dəyişib və pit-leyndə sürəti aşdığı üçün 5 saniyə cəza alan növbəti sürücü olub.
38-ci dövrədə Antonelli pit-stop edib və liderliyini qoruyub. 45-ci dövrədə Elbon boksa yollanıb. Norrisin maşını tamamilə sürətini itirib və Lando boksa dönərək yarışı başa vurub. 46-cı dövrədə Louson və Bortoleto, 47-ci dövrədə Qasli, 49-cu dövrədə isə Piastri pit-stopa dəvət ediliblər. Qasli və Piastri də pit-leyndə sürət həddini aşdıqları üçün 5 saniyə cəza alıblar.
50-ci dövrədə Lindblad Elbonu keçərək 10-cu yerə yüksəlib. 54-cü dövrədə Sayns pit-stop edib və tras limitlərini dəfələrlə pozduğuna görə 5 saniyə cəza alıb. 55-ci dövrədə ilk onluq: Antonelli – Həmilton – Lekler – Rassell – Həcər – Piastri – Qasli – Louson – Lindblad – Sayns.
Yarış ərzində Elbon komandanın istəyi ilə Saynsı önə buraxıb, 59-cu dövrədə isə Karlos mövqeni geri qaytarıb. Həmin dövrədə Lekler sol ön təkərlə baryerə toxunsa da, yoluna davam edib.
60-cı dövrədə Stroll son döngədə qəza edib. O, asfalt üzərindəki kiçik çuxurdan yayınmağa çalışarkən baryerə çırpılıb. Təhlükəsizlik Maşını trasa çıxıb. Hamı təkərlərini dəyişib. Piastri və Həmilton cəzalarını çəkiblər. Rassell isə mexaniklərin maşına vaxtından əvvəl toxunması səbəbindən cəzanı düzgün çəkmədiyi üçün pit yolundan keçmək cəzası alıb.
66-cı dövrədə restart verilib. Lekler son döngədə trasın çirkli hissəsinə çıxaraq baryerə çırpılıb və yenidən təhlükəsizlik maşını trasa çıxıb. Qasli pit-leyndə sürəti aşdığı üçün ikinci dəfə 5 saniyə cəza alıb. 68-ci dövrədə yarış qırmızı bayraqlarla dayandırılıb. Pilotlar boksa qayıdaraq maşınlardan çıxıblar. Son döngəyə traktor və marşallar gələrək asfaltdakı qırıntıları təmizləyiblər.
Həmilton və Həcərin hərəkətləri stüardlar tərəfindən araşdırılıb. İddia ondan ibarət olub ki, onlar öndəki sürücü ilə 10 maşınlıq məsafədən çox yer saxlayıblar. Lakin heç kim cəzalandırılmayıb. Fasilə uzanıb. Yarışın sonuna 10 dövrə qalmış hamı restartı gözləyib. Nəhayət, 37 dəqiqədən sonra yarışın yerindən startla davam edəcəyi elan olunub. Restart zamanı ilk onluq: Antonelli – Həmilton – Həcər – Rassell – Qasli – Piastri – Louson – Lindblad – Elbon – Sayns.
Əvvəlcə dövrəvi sürücülər pelotona çatmaq üçün trasa buraxılıblar. Hamı Soft təkərlərlə yarışa davam edib. Pilotlar bir dövrəni təhlükəsizlik maşınının arxasında vuraraq start düzlüyündə yer alıblar.
Restartda Antonelli liderliyini qoruyub. Həcər Rassell və Qaslini önə buraxıb. Hülkenberq Saynsın maşınına toxunub, Kolapinto da ona çırpılıb. Nəticədə Sayns yarışı dayandırıb, Hülkenberq isə 10 saniyə cəza alıb. Peres startda qayda pozuntusu edib.
73-cü dövrədə Rassell cəzasını çəkib və trasa 14-cü yerdə qayıdıb.
Kimi Antonelli Monako Qran Prisinin qalibi olub. Bu, onun ardıcıl beşinci qələbəsi olub və komanda yoldaşı ilə fərqi daha 25 xal artırıb. Kimi karyerasında ilk dəfə “Böyük Dəbilqə” əldə edib və buna nail olan ən gənc sürücü kimi tarixə düşüb.
Lyuis Həmilton mövsümdəki ən yaxşı nəticəsini təkrarlayaraq ikinci olub. Ayzek Həcər finiş xəttini üçüncü keçərək mövsümdə ilk, karyerasında isə ikinci podiumunu qazanıb. Racing Bulls pilotları bu mövsümdə ilk dəfə hər iki maşınla xal əldə ediblər.
Artıq gələn həftə mübarizə Barselonada davam edəcək.
| S | Sürücü | Komanda | Dövrə sayı | Zaman/Səbəb | Pit |
| 1 | Kimi Antonelli | Mercedes | 78 | 2:23:31.243 | 3 |
| 2 | Lyuis Həmilton | Ferrari | 78 | +6.271 | 3 |
| 3 | Ayzek Həcər | Red Bull | 78 | +23.394 | 2 |
| 4 | Oskar Piastri | McLaren | 78 | +24.261 | 3 |
| 5 | Lyam Louson | Racing Bulls | 78 | +26.553 | 2 |
| 6 | Arvid Lindblad | Racing Bulls | 78 | +29.010 | 1 |
| 7 | Pyer Qasli* | Alpine | 78 | +30.369 | 2 |
| 8 | Aleks Elbon | Williams | 78 | +33.413 | 2 |
| 9 | Esteban Okon | Haas | 78 | +37.140 | 2 |
| 10 | Fernando Alonso | Aston Martin | 78 | +41.899 | 3 |
| 11 | Qabriel Bortoleto | Audi | 78 | +42.748 | 4 |
| 12 | Corc Rassell | Mercedes | 78 | +43.353 | 2 |
| 13 | Niko Hülkenberq** | Audi | 78 | +44.102 | 2 |
| 14 | Franko Kolapinto*** | Alpine | 78 | +48.964 | 2 |
| 15 | Serxio Peres**** | Cadillac | 78 | +49.153 | 3 |
| 16 | Karlos Sayns | Williams | 70 | qəza | 2 |
| Şarl Lekler | Ferrari | 64 | qəza | 2 | |
| Ləns Stroll | Aston Martin | 56 | qəza | 1 | |
| Lando Norris | McLaren | 43 | batereya | 0 | |
| Oliver Berman | Haas | 27 | əyləc | 1 | |
| Valtteri Bottas | Cadillac | 15 | əyləc | 1 | |
| Maks Ferstappen | Red Bull | 0 | güc qurğusu | 0 |
* – Pyer Qasli pit-leyndə sürət həddini aşdığına görə iki dəfə 5 saniyəlik cəza alıb
** – Niko Hülkenberq Karlos Saynsla insidentə görə 10 saniyəlik cəza alıb
*** – Franko Kolapinto pit-leyndə sürət həddini aşdığına görə 5 saniyəlik cəza alıb
**** – Serxio Peresin nəticəsinə restart zamanı maşını düzgün mövqedə yerləşdirmədiyinə görə 10 saniyə əlavə olunub





