Vassyör: Bu həftəsonu McLaren-dən bir addım geridəyik

Kvalifikasiyanın yekunlarına əsasən, Ferrari sürücüləri Niderland Qran Prisində yarışa üçüncü cərgədən başlayacaqlar və komandanın rəhbəri Frederik Vassyör etiraf edib ki, bu, İtaliya komandasının ümid etdiyi nəticə deyil. Bununla belə, ən azı bir müsbət məqam var: Scuderia-nın sürücülərinin hərəsinin sərəncamında bir dəst yumşaq təkər qalıb və bu, bazar günü onlara müəyyən taktiki üstünlük verə bilər.

“Aydındır ki, hədəfimiz beşinci və altıncı yerlər deyildi, – deyə Vassyör şərh edib. – Hər üç sıralanma sessiyasında normal işləməsi üçün təkərləri hazırlamaq məqsədilə əlavə dövrə vurmaq lazım gələn variantla, dərhal hücuma keçməyi nəzərdə tutan alternativ taktika arasında çətin seçim etməli olduq. Üstəlik, yağış yaxınlaşırdı və sona doğru bir qədər çaşqınlıq yaşadıq.

Müsbət məqam ondan ibarətdir ki, yarış üçün bir dəst Soft təkər saxlamışıq, amma sprintin gedişində gördük ki, bu trasda ötmə etmək çox çətindir. Yəqin ki, bu da o deməkdir ki, daha yüksək mövqelərə qalxmaq üçün həmin dəstdən sıralanmada istifadə etmək daha yaxşı olardı.

Əlbəttə, başlayan yağış işimizi daha da çətinləşdirdi, amma düşünmürəm ki, əsas problem məhz bununla bağlı idi. Bütün sıralanma ərzində McLaren sürücüləri bizdən bir neçə onluq daha sürətli idilər, sonluqda isə fərq yəqin ki, üç onluğa çatdı. Ən vacib məqam da budur ki, yekunda kimin hansı mövqedə qərarlaşacağını məhz həmin son onluqlar müəyyənləşdirdi.

Deməli, bu həftəsonu McLaren-dən bir addım geri qalırıq. Görünür, onlar bizdən bir az sürətlidirlər, buna görə də şəraitdən asılı olaraq, təkcə üçüncü və dördüncü yerlərdə yox, daha geridə də qala bilərik.

Amma sprintdə Soft tərkibli təkərlər özünü pis göstərmədi və məncə, temp və degradasiya baxımından Medium-dan çox da fərqlənmir. Deməli, yarışda istənilən taktiki variant mümkündür. Ümumilikdə, bazar günü artıq yeni gündür və sıralanmanın nəticələri gözləntilərimizə uyğun gəlməsə də, qarşıda uzun yarış var və startda nəyisə geri qazanmaq üçün kifayət qədər imkanımız olacaq”.