FİA və Formula1 Məsafədə İdarəetmə Mərkəzini açıblar

FIA prezidenti Muhəmməd Ben Sulayem və Formula1-in rəhbəri Stefano Domenikali yeni Məsafədən İdarəetmə Mərkəzini (ROC) açıblar.

Mərkəz Formula1-in Londondakı ofisində yerləşir və trasdan gələn bütün məlumatlar məhz bura daxil olur. Bütün dünya üzrə televiziya yayımları da bu ofisdən həyata keçirilir və indi qərarlar da burada qəbul olunacaq – ROC Formula1, Formula2 və Formula3 həftəsonları ərzində yarış rəhbərliyinə və stüardlara real vaxt rejimində gecə-gündüz uzaqdan dəstək verəcək.

Həftəsonu ərzində ROC 140-dan çox audio və videoaxınından, telemetriyadan, GPS sensorlarından və komandaların radioəlaqəsindən gələn məlumatları emal edir, FIA rəsmilərinin qərar qəbul etməsi üçün yardımçı və analitik resurs kimi çıxış edir. ROC yarış rəhbərliyinə dəstək göstərir, falstart, start düzlüyündə səhv yerləşmə, tras limitlərinin pozulması, pit-leyn qayda pozuntuları və s. kimi potensial qayda pozuntularını aşkarlayır və qiymətləndirir.

Süni intellektlə tanıma, kompüter görməsi və radio mesajlarının avtomatik deşifri texnologiyaları potensial insidentlərin aşkarlanmasına kömək edir. Bu kompleks yarış nəticələrinin təhlilində mühüm rol oynayacaq ki, bu da qaydaların təkmilləşdirilməsinə və yarış idarəçiliyi üzrə növbəti nəsil mütəxəssislərin hazırlanmasına imkan verəcək.

Yeni obyekt 2026-cı il Niderland mərhələsindən etibarən tam istismara verilib və çempionatın trasları ilə effektiv əlaqəni təmin edir.

Muhəmməd Ben Sulayem: “Yeni Uzaqdan İdarəetmə Mərkəzinin açılışı Formula 1-in davamlı inkişafında mühüm mərhələ olub və idmanımızda ən yüksək təhlükəsizlik və ədalət standartlarının təmin olunmasına sadiqliyimizi təsdiqləyir.

Çempionat qlobal miqyasda böyüdükcə, yarışların keçirilməsinin təməlində dayanan insanlara, texnologiyalara və infrastruktura investisiya qoymağa davam etməyimiz son dərəcə vacibdir. Bu ultramüasir mərkəz dəqiq, ardıcıl və səmərəli qərar qəbuletməni təmin etmək imkanlarımızı gücləndirəcək və idmanımızın bundan sonra da ən yüksək standartlara uyğun fəaliyyət göstərməsinə zəmanət verəcək.

Bu, həm də əməkdaşlıq sayəsində nəyə nail ola biləcəyimizin parlaq nümunəsidir. Mən davamlı dəstəyə görə Stefano Domenikali və tərəfdaşlarımıza, həmçinin təcrübəsi və peşəkarlığı idmanın uğuru üçün fundamental əhəmiyyət daşıyan FIA-nın öz işinə sadiq komandalarına təşəkkür etmək istərdim. Biz birlikdə avtoidmanın daha güclü, daha təhlükəsiz və daha ədalətli gələcəyinə sərmayə yatırırıq”.

Stefano Domenikali: “Beynəlxalq yayım xidmətimizin yerləşdiyi Biggin Hilldəki media və texnologiya mərkəzimizdə FIA-nın Məsafədən İdarəetmə Mərkəzinin açılması idman və azarkeşlərimiz üçün irəliyə doğru mühüm addım olub. Bu, idmanımızda ən yüksək standartların təmin edilməsi üçün FIA ilə Formula 1-in sıx əməkdaşlığının nəticəsidir.

Yeni mərkəz Formula1, Formula2 və Formula3 mərhələləri çərçivəsində traslərdə FIA-ya dəstək verəcək və yarışların keçirilməsi üçün zəruri olan əməliyyat proseslərini gücləndirəcək.

Mən Muhəmməd Ben Sulayemi və bütün FIA komandasını bu mərkəzin yaradılması münasibətilə təbrik etmək istəyirəm. Biz onları Biggin Hilldə qarşılamağı və idmanımız üçün daha güclü gələcək qurmaq naminə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik”.

, ,