Horner: Marko sirlərimizi məmnuniyyətlə açıqlayırdı

Red Bull Racing komandasının keçmiş rəhbəri Kristian Horner "Drive" adlı memuarlarında uzun illər birlikdə çalışdığı müşavir Helmut Markonu tez-tez xatırladıb. Fəsillərdən birində Horner Markonun bəzən tanış jurnalistlərlə söhbətlərində məxfi məlumatlar yaydığından danışıb…

Kristian Horner: “Helmut tutduğu vəzifədə insayder məlumatına valyuta kimi yanaşırdı və onu çox vaxt heç bir ehtiyat göstərmədən, ölçüsüz-biçimsiz xərcləməyi sevirdi. Onun media ilə bu qədər açıq danışması məyusluq yaradırdı, o, üstünlük verdiyi insanlarla insayder məlumatı həvəslə bölüşürdü. Jurnalistə Helmutdan bütün məlumatı almaq üçün, həmin məlumat nə qədər məxfi olsa da, sadəcə ona mikrofon göstərmək kifayət edirdi.

Komanda qəzəb içində olurdu, xüsusən də Ədrian Nyui, o, hər yeni informasiya sızmasından sonra getdikcə daha qapalı olurdu. Mən bu barədə Helmutla dəfələrlə danışmışdım, amma o, həmişə günahsız olduğunu israrla deyirdi, bəzən isə, hətta danışdığını, ümumiyyətlə, inkar edirdi, halbuki onun sözləri birbaşa sitat gətirilirdi və qeydə alınırdı. Sonda biz onun yanında hansı məlumatın müzakirə oluna biləcəyinə çox seçici yanaşırdıq”.

,