25 Avqust 2019, Bazar - 11:29

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 7-ci yazı – Ferrari Lancia D50

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 7-ci yazı – Ferrari Lancia D50

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:41 - 21 Yanvar, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 61 gün qalır – 61 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşının təkamülü ilə tanış edəcəyik. Komandanı uğursuzluq zolağından çıxaran Ferrari Lancia D50 modeli 7-ci yazımızın qəhrəmanı olacaq…

Ardıcıl iki titul qazandıqdan sonra növbəti iki ildə Skuderiya cəmi 2 qələbə qazanmışdı – bu isə Entso Ferrarinin ambisiyalarına uyğun deyildi. Əgər 1954-cü ildə iki qələbə Mercedes-lə az-maz rəqabətdə qazanılmışdısa, 1955-ci ildə ciddi rəqabətdən söhbət belə yox idi. Çempionatda Ferrari-ni hətta Maserati və Lancia-dan olan həmyerliləri də qabaqlayırdılar.

Lancia xüsusilə təhlükəli rəqib idi. 1954-cü ildə çempionata gəlmək qərarı alan şirkət birinci növbədə Ferrari-nin uldzu sürücülərini – Alberto Askari və Luici Vilorezini ələ almışdı. Düzdür, yeni maşın ancaq mövsümün sonuna hazır oldu və son yarışda debüt edən Lancia D50-də Askari poul qazanmışdı. Amma yarışda start alan 3 Lancia-dan heç biri finiş görməmişdi.

Növbəti mövsümün ilk yarışında vəziyyət təkrarlanır: bu dəfə sıralanma turunda Askari ikinci olsa da, yenə heç bir Lancia damalı bayraq görə bilmir. Amma bundan sonra çempionatın təqvimində olmayan iki yarışda Askari Lancia ilə qələbə qazanmışdı. Mövsümün Monakoda keçirilən ikinci yarışında yenə də ikinci yerdən start alan Askari üçün yarış dənizdə başa çatır. Alberto heç bir zədə almamışdı, amma Lancia-nın digər iki sürücüsü çempionatda ilk dəfə ikinci və beşinci olmaqla xal qazanmışdılar.

Cəmi dörd gün sonra Askari Montsaya gəlir – onun dostu və komanda yoldaşı Eucenio Kastellotti Ferrari-nin yeni sportkarını test edirdi. Məhz bu maşının sükanı arxasında iki dost 1000 km-lik Supercortemaggiore yarışında start almalı idilər – Lancia bu yarışda iştiraka görə sürücüsünə xüsusi icazə vermişdi. Alberto sükan arxasında bir neçə dövrə vurur və… Curva Vialone döngəsində baş verənlər bu günə qədər heç kimə məlum deyil, məlum olan odur ki, baş verən qəzada ikiqat dünya çempionu Alberto Askari dünyasını dəyişir. Bu hadisədən cəmi 3 gün sonra Lancia şirkəti Formula1-dən getdiyini elan edir.

Düzdür, Kastellotti bir Lancia maşını ilə növbəti Spa yarışına çıxır. Pouldan start alan italiyalı sürücü ötürmələr qutusunun nasazlığı üzündən mübarizəni yarımçıq dayandırmalı olur. Bununla da Lancia komandasının qısa tarixi başa çatır, amma tezliklə məlum olur ki, D50 modeli üçün tarix  yeni səhifə açır. Lancia şirkəti ciddi maliyyə problemləri yaşayırdı və şirkət F1 komandasını satmaq qərarına gəlmişdi. Komandanı istənilən şirkət və ya şəxs ala bilərdi, amma prosesə gözlənilmədən FİAT konserni və onun başçısı Canni Anyelli müdaxilə edirlər. Onun vəkillərinin səyi nəticəsində Lancia komandasının aktivləri Ferrari komandasının hesabına keçir.

Komanda ilə birlikdə Ferrari-yə konstruktor Vittorio Yano da gəlir – məhz Vittorio komandadan qovulmuş Aurelio Lampredini əvəz edir. Vittorio Lancia üçün hazırladığı maşını Ferrari üçün təkmilləşdirir. Skuderiya keçmiş rəqibinin sürücüsünü də ələ keçirir – Eucenio Kastellotti qırmızı kombinezon geyinir. Daha bir hədiyyə isə Mercedes komandasından gəlir – Le Manın 24 saatlıq marafonunda komandanın törətdiyi qəza nəticəsində 83 nəfər tamaşaçının ölməsi komandanın çempionatdan getməsi ilə nəticələnir. Başlıca rəqibin çempionatdan getməsi nəticəsində Entso nəinki həmin dövrün, hətta tarixin ən güclü sürücüsünü ələ keçirir – Xuan Manuel Fanxio da qırmızı rəngə boyanır.

 

FERRARİ LANCİA D50

Ferrari Lancia D50

 

1955-ci il mayın 26-da Alberto Askarinin faciəvi vəfatından sonra çempionatdan gedən Lancia komandasının maşınları Ferrari-nin əlinə keçmişdi. D50 layihəsi öz dövrünün ən inqilabi və innovativ modeli idi. Maşının aerodinamikasını və idarəolunmasını artırmaq üçün baş konstruktor Vittorio Yano kokpitin sağ və sol tərəfində ön təkərdən arxa təkərə qədər xüsusi bölmə düzəltmişdi – “ətək” (yubka) adını almış bu hissənin içində yanacaq çənləri və motordan çıxan işlənmiş qazaların borusu yerləşdirilmişdi. Bu cür yerləşdirmə sayəsində yanacaq çəni dolu və ya boş olarkən maşının davranışı optimal idi, ona görə də D50 həm yavaş, həm də sürətli traslarda rəqbətədavamlı alınmışdı.

Motorxanada da maraqlı yerləşmə tətbiq olunmuşdu – 2.5 litrlik 8 silindrli motor mərkəzi oxla 12 dərəcə altında qurulmuşdu, nəticədə kardan valına düşən təzyiq azalmış, onun yeri bir qədər də aşağı çəkilmişdi. Maşının ağırlıq mərkəzinin aşağı düşməsi isə onun dayanıqlığını artırmışdı. Həm də D50-də kardan maşının mərkəzi ilə deyil, sürücünün sol tərəfi ilə arxaya gedirdi. Maşının ön hissəsinin aşağı salınması isə havaya qarşı müqaviməti kəskin azaltmışdı.

1956-cı ildə çempionatda Skuderiyanın rəqibi yox idi. Mövsümün sonunda 3 qələbə ilə (Argentina, Britaniya və Almaniya Qran Prilərində) Xuan Manuel Fanxio Skuderiyaya 3-cü, özünə isə 4-cü titulu qazandı. Daha iki qələbəni Fanxionun britaniyalı komanda yoldaşı Piter Kollinz qazanmışdı.

 

FERRARİ LANCİA D50-NİN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari Lancia D50

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
1956-cı il73265101

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 8. 032
Teqlər ,
Paylaş

logo