19 Sentyabr 2019, Cümə axşamı - 10:47

Əbu Dabi-2016: Yarış

Əbu Dabi-2016: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

19:35 - 27 Noyabr, 2016

Formula1 tarixinin ən uzun mövsümünün son yarışı titulun sahibini müəyyən edib. Niko Rosberq Əbu Dabiyə Həmiltondan 12 xal üstünlüklə gəlmişdi və yarışın sonunda podiuma yüksəlmək onun titulu qazanması üçün kifayət edirdi.

Yas Marinada həm də Fettel və Maks sürücülər çempionatında, Force İndia ilə Williams komandaları isə Mühəndislər Kubokunda dördüncülük uğrunda mübarizə aparıblar.

Bu yarış həm də Formula1-də uzun illər yarışmış iki sürücü – Felipe Massa və 2009-cu ilin Dünya Çempionu Censon Batton üçün sonuncu olub. Battonun müqaviləsində 2018-ci ildə yenidən yarışmaqla bağlı bənd olduğu bildirilsə də, sürücünün özü bu yarışa son yarış kimi baxdığını bildirmişdi.

F-1.az xatırladır ki, sərbəst yürüşlərdə cümə günü Həmilton, şənbə günü isə Fettel protokollara başçılıq etmişdi. Sıralanma turunda isə Həmilton bu mövsüm 12-ci, karyerasında isə 61-ci poulunu qazanmışdı.

Pirelli Əbu Dabiyə ən yumşaq tərkibləri –  Soft, SuperSoft və UltraSoft təkərləri gətirib. Red Bull sürücüləri yarışa sıralanma turunun ikinci sessiyasında SuperSoft təkərlərlə sürətli dövrə vurduqları üçün elə bu tərkiblə, ilk onluqdakı qalan sürücülər isə UltraSoft təkərlərlə başlayıblar. Sıralanma turunda üçüncü sessiyaya keçməyən sürücülər müxtəlif strategiyalar seçiblər –  Batton, Qrojan, Maqnussen, Okon və Eriksson Soft, Qutyerres, Kvyat, Nasr və Sayns SuperSoft, Bottas, Palmer və Verlyayn isə UltraSoft təkərlərlə start alıblar.

abu-dhabi-start

Startda Həmilton və Rosberq mövqelərini qoruyublar, Rəykkönen isə Rikkardonu keçərək üçüncülüyə yüksəlib. Hülkenberqlə toqquşan Ferstappen yerində fırlanıb və sonuncu yerə düşüb. Maqnussen dərhal pit-stop edib və həm maşının ön qanadını dəyişdirilib, həm də Soft təkərlərə keçib. İkinci dövrənin sonunda ilk onluq belə olub: Həmilton – Rosberq – Rəykkönen – Rikkardo – Fettel – Hülkenberq – Peres – Alonso – Massa – Bottas.

Ferstappen ardıcıl ötmələr edərək artıq üçüncü dövrədə 13-cü yerə qədər yüksəlib. Beşinci dövrədə Maqnussen, yeddinci dövrədə isə Bottas problemlərə görə boksa çağrılıblar və hər iki sürücü mübarizəni dayandırıb. Yeddinci dövrədə Sayns və Verlyayn, səkkizinci dövrədə Həmilton, Rəykkönen, Alonso, Palmer və Nasr, doqquzuncu dövrədə isə Rosberq, Fettel, Hülkenberq və Massa təkərləri dəyişiblər. Hər iki Mercedes AMG sürücüsü pit-stopda Ferrari sürücülərinə görə ləngiməli olub və Rosberq trasa Ferstappenin arxasında qayıdıb.

On ikinci dövrədə Peres Alonsonu ötərək səkkizinciliyə yüksəlib. Ön asılqanı qırılan Batton da yarışı yarımçıq saxlamalı olub. Mübarizəni vaxtından əvvəl dayandırmalı olan digər sürücü isə həftəsonu bir çox problemlərlə üzləşmiş Daniil Kvyat olub – rus sürücünün maşınının ötürmələr qutusu 16-cı dövrədə sıradan çıxıb.

Rikkardo Rəykkönenə hücumlar etsə də, Ferrari sürücüsü yerini qoruyub. Rosberq isə yarış mühəndisinin məsləhətindən sonra Ferstappenə hücumlar etməyə başlayıb və nəhayət, onu keçib. Yarışın 23-cü dövrəsindən sonra ilk onuluq belə olub: Həmilton – Rosberq – Rəykkönen – Rikkardo – Fettel – Hülkenberq – Peres – Ferstappen – Massa – Alonso.

Ferstappenin 22-ci dövrədə təkərlərini dəyişməsindən sonra 25-ci dövrədə Rikkardo, 26-cı dövrədə isə Rəykkönen pit-stop ediblər. Həmilton 29-cu, Rosberq isə 30-cu dövrədə pit yoluna üz tutublar. Mercedes AMG sürücülərinin maşınlarına əvvəlki pit-stopda olduğu kimi, yenə də Soft təkərlər taxılıb. Hülkenberq və Peres Alonsonu ötüblər. Fettel 38-ci dövrədə sonuncu pit-stopunu edib və trasa SuperSoft təkərlərlə qayıdıb. Yarışın 38-ci dövrəsindən sonra ilk onluq belə olub: Həmilton – Rosberq – Ferstappen – Rikkardo – Rəykkönen – Fettel – Hülkenberq – Peres – Alonso – Massa.

SuperSoft təkərlərlə olduqca sürətli olan Fettel əvvəlcə Rəykköneni, sonra isə Rikkardonu keçib. Colion Palmer 13-cü yer uğrunda mübarizədə əylənmə nöqtəsində səhvə yol verib və Saynsın maşınını vurub. Bunun nəticəsində ispan sürücü ötürmələr qutusu zədələndiyi üçün yarışı yarımçıq saxlamalı olub, Palmer isə boksa yollanıb – onun bolidinin burun hissəsi dəyişdirilib. Stüardlar insidentə görə Palmerin vaxtına 5 saniyə əlavə ediblər. Yarışın 47-ci dövrəsindən sonra ilk onluq belə olub: Həmilton – Rosberq – Ferstappen – Fettel  – Rikkardo – Rəykkönen – Hülkenberq – Peres – Massa – Alonso.

Yarışın son hissəsində Həmilton rəqiblərin Rosberqə gəlib çatmaları üçün tempini bilərəkdən çox aşağı salıb. Rosberq bu barədə komandaya şikayət edib. Həmiltonla dördüncü Fettel arasındakı fərq 2.5 saniyəyə qədər düşüb. Ferstappenə hücumlar edən Fettel 51-ci dövrədə onu keçib. Pəddi Lou radiodan Lyuisə sürəti artırmalı olduğunu, əks təqdirdə yarışda qələbəni əldən verə biləcəklərini deyib, Həmilton isə cavabında titul uğrunda mübarizə apardığını bildirib. Fettelin Rosberqi keçmək cəhdləri bir nəticə verməyib.

nico-rosberg

Həmilton Yas Marinada qalib gəlib – bu, onun cari mövsümdə 10-cu, karyerasında isə 53-cü yarış zəfəridir. Rosberq isə finiş xəttini ikinci keçərək atasından 34 il sonra titulun sahibi olub. Yarışda üçüncü yerin sahibi Fettel isə İtaliya Qran Prisindən sonra ilk dəfə podiuma yüksəlib və sürücülər çempionatında dördüncülüyü özünə təmin edib. Force İndia komandası tarixinin ən böyük uğuruna imza atıb – Mühəndislər Kubokunu dördüncü yerdə tamamlayıb. Manor isə onunculuğa yüksəlmək üçün lazım olan xalları qazana bilməyib…

Beləliklə, Formula1 tarixinin ən uzun mövsümü də başa çatdı. 2016-cı il bizim üçün də əlamətdar oldu – ölkəmiz ilk dəfə bu mötəbər yarışa ev sahibliyi etdi. Qarşıda isə bizi Yeni İl bayramı, yeni maşınların təqdimatları və qış testləri gözləyir. Çox maraqlı olacaq. 2017-ci ilin ilk yarışına – Avstraliya Qran Prisinə 119 gün qalıb…

YerNSürücüKomandaZamanPit
144Lyuis HəmiltonMercedes AMG1:38.04.0132
26Niko RosberqMercedes AMG+ 0:00.4392
35Sebastyan FettelFerrari+ 0:00.8432
433Maks FerstappenRed Bull+ 0:01.6851
53Daniel RikkardoRed Bull+ 0:05.3152
67Kimi RəykkönenFerrari+ 0:18.8162
727Niko HülkenberqForce İndia+ 0:50.1142
811Serxio PeresForce İndia+ 0:58.7762
919Felipe MassaWilliams+ 0:59.4362
1014Fernando AlonsoMcLaren+ 0:59.8962
118Roman QrojanHaas+ 1:16.7772
1221Esteban QutyerresHaas+ 1:35.1132
1331Esteban OkonManor+1 dövrə2
1494Paskal VerlyaynManor+1 dövrə2
159Markus ErikssonSauber+1 dövrə1
1612Felipe NasrSauber+1 dövrə2
1730Colion Palmer*Renault+1 dövrə3

(*) – Colion Palmerin vaxtına 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Sebastyan Fettel (Ferrari) – 1:43.729 (43-cü dövrə, 192.756 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Kevin MaqnussenRenault5Asılqan
Valtteri BottasWilliams6Mexaniki problem
Censon BattonMcLaren12Asılqan
Daniil KvyatToro Rosso14Ötürmələr qutusu
Karlos SaynsToro Rosso41Ötürmələr qutusu

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
16Niko RosberqMercedes AMG F1 Team385
244Lyuis HəmiltonMercedes AMG F1 Team380
33Daniel RikkardoRed Bull Racing256
45Sebastyan FettelScuderia Ferrari212
533Maks FerstappenRed Bull Racing204
67Kimi RəykkönenScuderia Ferrari186
711Serxio PeresSahara Force İndia F1 Team101
877Valtteri BottasWilliams Martini Racing85
927Niko HülkenberqSahara Force İndia F1 Team72
1014Fernando AlonsoMcLaren Honda Formula 1 Team54
1119Felipe MassaWilliams Martini Racing53
1255Karlos SaynsScuderia Toro Rosso46
138Roman QrojanHaas F1 Team29
1426Daniil KvyatScuderia Toro Rosso25
1522Censon BattonMcLaren Honda Formula 1 Team21
1620Kevin MaqnussenRenault Sport Formula 1 Team7
1712Felipe NasrSauber F1 Team2
1830Colion PalmerRenault Sport Formula 1 Team1
1994Paskal VerlyaynManor Racing MRT1
2047Stoffel VandornMcLaren Honda Formula 1 Team1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG F1 TeamMercedes765
2Red Bull RacingTAG Heuer468
3Scuderia FerrariFerrari398
4Sahara Force İndia F1 TeamMercedes173
5Williams Martini RacingMercedes138
6McLaren Honda Formula 1 TeamHonda76
7Scuderia Toro RossoFerrari63
8Haas F1 TeamFerrari29
9Renault Sport Formula 1 TeamRenault8
10Sauber F1 TeamFerrari2
11Manor Racing MRTMercedes1

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 026
Teqlər , , , , ,
Paylaş

logo