Ethara şirkəti mövsümün son mərhələsinin promouteri kimi çıxış edir. Yarışın planlaşdırılan tarixdə keçiriləcəyinin təsdiqi kimi, ən-Nuaymi Yas Marina trasındakı mərhələyə hazırlığın gedişindən danışıb.
“Qran Pri keçiriləcək, hər şey plan üzrə gedir, – deyə Saif Rəşid ən-Nuaymi Dubai Eye radiostansiyasının efirində bildirib. – Mövsümün son yarışı dekabrın 6-da Əbu Dabidəki Yas Marina trasında baş tutacaq.
Artıq avtodromda qızğın iş gedir, zəruri konstruksiyalar qurulur. Bu il bizdə yarışın keçirildiyi bütün dövrlərin ən böyük Paddock Club-ı olacaq. Paddock Club qonaqlarının sayının 12 000 nəfəri keçəcəyini gözləyirik. Mərhələnin təşkili üçün 40 000 nəfər akkreditasiyadan keçib – belə miqyaslı tədbirin hazırlığında məhz bu qədər mütəxəssis iştirak edir.
Bundan əlavə, bizim 1 500 könüllümüz var, onların 90 faizi BƏƏ vətəndaşıdır. Yarışın təşkilində, həmçinin 220-dən çox podratçı şirkət iştirak edir və onların köməyi olmadan bunun öhdəsindən gələ bilməzdik. Ötən illər ərzində Qran Prinin keçirilməsi üzərində çalışan yerli infrastruktur və şirkətlər şəbəkəsi ilk mərhələyə hazırlıq dövrü ilə müqayisədə xeyli böyüyüb”.
Formula1-in rəhbəri Stefano Domenikali dəfələrlə bildirib ki, Qətərdə və Əbu Dabidə yarışlar keçiriləcək. Bununla belə, vəziyyətin kəskinləşəcəyi halda mövsümün son yarışının keçirilməsi üçün ehtiyat variant artıq hazırlanıb – dekabrın 6-da İmolada.
İtaliya trasında da hazırlıq başlayıb, əgər İmolada yarışın keçirilməsinə ehtiyac yaranmasa, bununla bağlı bütün xərcləri Formula1 tam kompensasiya edəcək.





