Komatsu: Haas-ı Ferrari-nin ikinci komandası adlandırmaq düzgün deyil

Gələn mövsüm Haas-ın heyətində Ferrari-nin Sürücülər Akademiyasının iki yetirməsi - Oliver Börman və Rafael Kamara çıxış edəcəklər, komanda isə Maranelloda hazırlanmış İtaliya güc qurğularından və digər bolid komponentlərindən istifadəyə davam edəcək. Buna baxmayaraq, Haas komandasının rəhbəri Ayo Komatsu komandalarını "ikinci Ferrari" adlandırmağın yanlış olduğuna israr edib.

Rafael Kamaranın gəlişinin Haas barədə təsəvvürü dəyişib-dəyişməyəcəyi ilə bağlı sualı cavablandıran Komatsu deyib: “Xeyr, açığı. Ferrari ilə əməkdaşlığımız bizə onun akademiyasından sürücüləri dəvət etmək imkanı verir.

Bu münasibətlər sayəsində biz 2024-cü ildə Mexikoda Oliver Börmanla, bu il isə Portimanda Rafaellə testlər keçirə bilmişik.

Oliverlə də hər şey eyni cür olub. Ferrari heç vaxt bizə təzyiq göstərməyib və deməyib ki, “Oliveri götürün, axı o, Ferrari akademiyasının sürücüsüdür və ona Formula1-də yer lazımdır” və ya “Rafaeli götürün, axı o, Formula 2-də titul uğrunda mübarizə aparır və onun Formula1-ə düşməsi vacibdir”. Belə bir şey olmayıb. Sürücüləri özümüz seçirik – mən və komandanın sahibi Cin Haas.

Bəli, sürücülərimiz Ferrari-nin dəstəyi ilə çıxış edirlər, amma Formula1-də onlar Haas-ı təmsil edirlər. Biz Ferrari sürücülərini dəvət etməyə borclu deyilik və pilot seçimində heç kim bizə təzyiq göstərmir. Buna görə də Haas-ı Ferrari-nin ikinci komandası adlandırmaq sadəcə yanlışdır”.

Gələcəkdə Ferrari-yə yeni sürücü lazım olanda, Oliver Börman və Rafael Kamara namizədlər arasında olacaqlar. Buna görə də onların Haas-dakı çıxışları Formula1-də gələcək karyeralarının necə alınacağında həlledici rol oynaya bilər.

Oliver və Rafaelin şanslarından danışan Komatsu vurğulayıb: “Formula1-də rəqabət çox yüksəkdir. Və ötməli olduğun ilk adam həmişə komanda yoldaşındır. Amma düşünürəm ki, onların hər ikisi öz imkanlarının maksimumunu göstərməyə köklənəcəklər.

Nəticə və rəqibini qabaqlaya bilib-bilməyəcəyin tam şəkildə yalnız səndən asılı deyil. Sən özünün ən yaxşı yarışını keçirə bilərsən, amma digər sürücü daha da yaxşı çıxış edə bilər və sonda ona uduzarsan. Buna təsir edə bilməzsən.

Amma sən öz imkanlarından və komandanın verə biləcəyi hər şeydən nə dərəcədə istifadə etdiyini nəzarətdə saxlaya bilərsən. Əminəm ki, hər ikisi məhz buna fokuslanacaq. Həm Rafael, həm də Oliver inanılmaz dərəcədə sürətli sürücülərdir”