Cok Klia Aston Martin-in irəliləyişinə şübhə etmir

Ferrari-nin sabiq baş yarış mühəndisi, keçmişdə Formula1-in digər komandaları ilə də əməkdaşlıq etmiş Cok Klia əmindir ki, Ədrian Nyui və Aston Martin tədricən uzanan böhranın öhdəsindən gəlib uğur qazanacaqlar.

Nyuinin və hazırda rəhbərlik etdiyi Silverstoun komandasının 2026-cı ildə üzləşdiyi çətinliklər barədə kifayət qədər danışılıb və yazılıb, amma xatırlatmaq yetər ki, ötən il AMR26 maşınının hazırlanmasına rəqiblərin yeni şassi layihələri üzərində işə başlamasından xeyli gec start verilib. Aston Martin-də aerodinamik tədqiqat proqramına digərlərindən dörd ay gec başlanılıb.

Klia PlanetF1-ə bildirib: “Görünür, onların əlində bütün lazım olan komponentlər var. Ən güclü istedadların bir komandadan digərinə keçdiyi bu cür hekayələr hamımıza bir daha açıq şəkildə xatırladır ki, Formula1-də qalib gəlmək son dərəcə çətindir. Əminəm ki, yaxın bir neçə il ərzində Edrian komanda ilə birlikdə addım-addım irəliləyəcək.

Karyerasının bu mərhələsini Jaguar komandasının bazasında Red Bull Racing-in qurulduğu dövrlə müqayisə etmək olar. Amma Aston Martin-in zirvəyə yüksəlməyə qadir olub-olmadığını yalnız zaman göstərəcək”.

Kliadan müasir Formula1 üçün xarakterik olan, təcrübəli mühəndislərin komanda rəhbərinə çevrilməsi tendensiyası barədə soruşanda o belə cavab verib: “Yadımdadır, Andrea Stella və Ceyms Vaulz McLaren və Williams-da yüksək vəzifələrə təyin olunanda düşünmüşdüm: “Maraqlıdır! Kim düşünərdi ki, idmanımızı həqiqətən dərindən anlayan adamlar yaxşı rəhbər ola bilərlər?”

Mən, həmçinin komanda rəhbərindən tələb olunan, gəmisinin kursdan heç vaxt çıxmaması üçün vacib olan o xüsusi əlavə bacarıq və qabiliyyətləri də kiçiltməyə meyilli deyiləm”.

,