Cadillac-da komandanın satılması ilə bağlı şayiələri təkzib ediblər

Cadillac-da Formula1 komandasının mümkün satışı ilə bağlı şayiələri təkzib ediblər. Buna səbəb TWG Global-ın təsisçisi Mark Uolterlə bağlı ABŞ-də federal araşdırmanın başlanması olub.

Cadillac komandası Formula1-də General Motors konsernini təmsil edir, lakin Amerika avtomobil istehsalçısı komandanın majoritar sahibi deyil. Nəzarət paketi TWG Global-a daxil olan TWG Motorsport-a məxsusdur.

Komandanın mümkün satışı ilə bağlı şayiələr Uolterin “Los Angeles Lakers” basketbol klubunu cəmi bir il əvvəl 10 milyard dollara aldıqdan sonra rekord sayılan 12.5 milyard dollara satmasından sonra ortaya çıxıb. Klubun yeni sahibi Disney-in keçmiş baş icraçı direktoru Bob Ayger və ABŞ prezidenti Donald Trampın kürəkəninin kiçik qardaşı Coş Kuşnerin rəhbərlik etdiyi investorlar qrupu olub.

Bunun fonunda Uolterin digər aktivlərindən, o cümlədən Formula1 komandasından da qurtulmağa başlaya biləcəyi ilə bağlı ehtimallar səslənib.

Lakin cümə axşamı Niderland Qran Prisinda şirkətin avtoidmanda kommunikasiyalarına cavabdeh olan General Motors-un icraçı direktoru Edrian Atkinson mətbuatla görüşdə heç bir əvvəlcədən verilmiş sual olmadan yaranmış vəziyyətlə bağlı TWG-nin bəyanatını oxuyub.

Edrian Atkinson: “Başlamazdan əvvəl qeyd etmək istəyirəm ki, hazırda TWG ətrafında kifayət qədər xəbərlər dolaşır. TWG Global-dan bir bəyanatımız var.

TWG Cadillac komandasının və ya TWG Motorsport-un hər hansı digər hissəsinin satışı imkanını nəzərdən keçirmir. Və sadəcə məlumat üçün deyim ki, Dən Taurris hazırda Zandfortda deyil, çünki bu həftəsonu IndyCar mərhələsinin keçiriləcəyi Vaşinqtondadır”.

Jurnalistlər Cadillac komandasının yeni rəhbəri Marçin Budkovskidən bununla bağlı nə düşündüyünü soruşanda, o belə cavab verib: “Məndə bu vəziyyətin bizə hər hansı təsir göstərəcəyinə dair heç bir şübhə yoxdur.

Yeni baza, mənim təyinatım, ümid edirəm ki, tezliklə təqdim edə biləcəyimiz əsas əməkdaşlar – bütün bunlar layihə ilə bağlı öhdəliklərin və investisiyaların nə qədər ciddi olduğunu göstərir”.

,