Briatore: Liberty Media-nın gəlişi ilə F1-də çox şey dəyişib

The Race-ə müsahibəsində Alpine-in rəhbəri Flavio Briatore Liberty Media-nın gəlişindən sonra Formula1-ə marağın artmasından danışıb…

Flavio Briatore: “Ekklstoun biznesdə son dərəcə sərt idi, çoxlu məhdudiyyətlər tətbiq etmişdi. Liberty Media isə fərqli yol seçdi və işin kommersiya tərəfini tam açdı.

Düşünürəm ki, Berni sadəcə başqa dövrdə işləyirdi. Bu gün dünya qat-qat sürətlidir. Formula1-in ona dəstək verməyi sevən çoxlu yeni, böyük sponsoru var. Müəyyən məqamda – istər Drive to Survive, istər fərqli idarəetmə, istər kommersiya yönümü, istərsə də marketinq sayəsində Formula1 qəfil hamının olmaq istədiyi “məhz o yerə” çevrildi.

Uğurun açarı Drive to Survive serialı oldu. Ondan əvvəl sadəcə ayaqda qalırdıq, onunla isə xeyli daha yaxşı yaşamağa başladıq.

Bundan başqa, Liberty Media ABŞ-da möhkəmlənə bildi. Berni bunu etməyə çalışmışdı, amma mən Feniksdə tamaşaçıların gəlmədiyi o axmaq yarışı xatırlayıram. Sonra İndianapolisdə təkərlərlə bağlı problemlər oldu və Bridgestone ilə Michelin arasındakı vəziyyətə görə yarışı normal keçirə bilmədik.

İndi isə Ostinə gəlirsiniz – bütün biletlər satılıb. Las Veqasda olduğu kimi. Formula1-in nə qədər dəyişdiyini görürsünüz. Bütün yarışlarda anşlaqdır, yağış yağsa da, yağmasa da bütün tribunalar doludur. Azarkeşlər xoşbəxtdir və böyük coşqu içindədirlər. Yeni Formula1 də məhz budur.

Mən Benetton-dakı səhmlərimi satanda komandanın ümumi dəyəri 80 milyon dollar idi. Bu gün isə söhbət 3.5 və ya 4 milyarddan gedir. Və danışdığınız hər bir maliyyə eksperti proqnozlaşdırır ki, üç-dörd ildən sonra Formula1 komandası 10 milyard dollar dəyərində olacaq. Amma bu mənim komandam olsaydı, mən onu çoxdan satmışdım!”

,