Banyayadan ardıcıl 3-cü qələbə

Bu gün motosikletçilərin MotoGP dünya çempionatında mövsümün 13-cü yarışı Avstriyanın Red Bull Rinq avtodromunda baş tutub.

Ducati-nin törəmə komandası Gresini-nin sürücüsü Enea Bastyanini pouldan start alsa da, ilk döngəyə qədər Ducati-nin zavod komandasının sürücüsü Françesko Banyaya liderliyi ələ alıb. Daha sonra Banyayanın komanda yoldaşı Cək Miller və Ducati-nin digər törəmə komandası Promac-ın sürücüsü Xorxe Martin də Eneanı arxada qoyublar.

Startda 5-ci olan mövsümün lideri Yamaha-dan Fabio Kuartararo ilk dövrələrdə bir neçə mövqe itirsə də, önə çıxan rəqiblərin səhvləri sayəsində start mövqeyini bərpa edib. Daha sonra Eneanın əyləc problemi üzündən Fabio ilk 3-lüyə hücum etməyə başlayıb. Əvvəlcə səhvə yol vermiş Martini, daha sonra isə Milleri arxada qoyub.

Təkərləri yeyilmiş Millerə Martinin hücumu isə sonuncunun yıxılması ilə nəticələnib.

Fabio son dövrədə Françesko ilə fərqi azaltsa da, hücum şansı olmayıb və italiyalı sürücü ardıcıl 3-cü, mövsümdə isə 5-ci qələbəsinə sevinib.

Podiumu Kuartararo və Miller tamamlayıblar. Fabionun çempionatda əsas rəqibi Aprilia-dan Aleş Esparqaro finişdə 6-cı olduğu üçün aradakı fərq artaraq 32 xala çatıb. Banyaya daha 12 xal uduzur.

Mövsüm iki həftədən sonra Mizanoda davam edəcək…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*