Red Bull-un seriyası başa çatacaq?

Bu gün mövsümün 11-ci mərhələsi olan Macarıstan yarışı baş tutacaq. Dünənki sıralanma turundan sonra hamı maraqlı yarış gözləyir.

Dünən Lyuis Həmilton sıralanma turunda poul alaraq, ilyarımlıq həsrətə son qoydu. Yeddiqat Dünya Çempionu sessiyadan sonra elə sevinirdi ki, elə bil karyerasında ilk dəfə poul qazanıb. Lakin qaradərili sürücü Hunqarorinqdə həmişə uğurlu olub. O, burada daha əvvəl 8 dəfə qalib gəlib. 2013-cü ildə Mercedes-dəki ilk mövsümündə yeganə qələbəsini də məhz burada – Hunqarorinqdə əldə etmişdi. Düzdür, dünənki poul Həmilton üçün elə də asan başa gəlmədi. Maks Ferstappenin son cəhdində etdiyi səhvlər Lyuisə poul gətirdi. Onsuz da Lyuis ideal dövrə atsa da, Maksın ilk cəhdini sadəcə 0.003 saniyə qabaqlaya bildi. Buna görə də bugünkü yarışda Lyuisə öndə qalmaq çox çətin olacaq. McLAren-lərin də yarış tempini nəzərə alsaq, britaniyalı sürücü yarışı podiumdan kənarda da bitirə bilər.

Maks Ferstappen isə son cəhdində səhvlər edərək, ardıcıl 6 poul qazanmaq şansını əldən verdi. Lakin yenə də bugünkü yarışın ən böyük favoritidir. Onun keçənilki Macarıstan yarışını 9-cu yerdən başlayıb, qazandığını nəzərə almalıyıq. Buna görə də Maks bu gün səhv etməsə, yarışı zirvədə bitirəcək.

Özü də bu yarış Red Bull üçün xüsusi əhəmiyyət kəsb edir. Əgər “qırmızı öküzlər” bu gün qalib gəlsələr, ardıcıl 12-ci qələbəyə çatacaqlar. Buna görə də Maks qələbə üçün əlindən gələni etməlidir.

McLaren komandası isə Macarıstandakı testdən hələki uğurla çıxır. Britaniyalılar sürətli döngəlrədən ibarət Barselona, Avstriya və Britaniyada güclü görünürdülər. Əksəriyyət düşünürdü ki, yavaşdöngəli Macarıstanda əziyyət çəkəcəklər. Lakin elə olmadı. Lando Norris poulu 0.1 saniyə fərqlə qaçırdı. Özü də səhvlər edərək. Oskar Piastri isə dördüncü yeri tutdu. Cümə günü onların yarış tempi də yaxşı görünürdü. Buna görə də 2021-ci ilin İtaliya yarışından sonra komanda ilk qələbəsini qazana bilər. Qələbə qazanmasa belə ikili podium mümkündür.

Ferrari komandası isə azarkeşlərini üzməyə davam edir. “Qırmızlar”ın Britaniyadakı uğursuzluğunun səbəbi kimi sürətli döngələr göstərilmişdi. Lakin dünən gördük ki, Ferrari yavaş döngələrdə də çox zəif təsir bağışlayır. Komandanın Avstriyadakı performansı isə bir atımlıq barut imiş.

Serxio Peresə gəldikdə isə nəhayət ki, uğursuz seriaydan qurtularaq, sıralanma turunda son sessiyaya qala bildi. Lakin komanda yoldaşının poul uğrunda mübarizə apardığı yerdə ancaq 9-cu yeri tuta bildi. Amma maşının performansına görə yekunda podiuma yüksələ bilər. Düzdür, bu tras Çeko üçün elə də düşərli deyil. 13 illik Formula1 karyerasında burada podium belə görməyib. Buna görə də bugünkü yarışda podium qazanmaq meksikalı sürücü üçün uğur sayıla bilər.

Aston Martin-in isə geriləməsi davam edir. Düzdür, Fernandi Alonso McLaren-lərdən sadəcə 0.1 saniyə geridə qaldı, amma dərəcələrin yaxın olduğu bu trasda bu da böyük fərqdir. Yekunda Piastri 4-cü, Alonso isə 8-ci oldular. Aston Martin stasionar traslarda özünü qurudakı balıq kimi hiss edir. Düzdür, Fernando Alonso sıralanma turundan sonra bu geriləməni Silverstounda gətirilmiş yeni Pirelli təkərlərinə bağladı, amma “yaşıllar”ın geriləməsi Avstriya yarışından başlamışdı.

Həftəsonunun ən önəmli hadisələrindən biri isə Daniel Rikkardonun 8 aydan sonra AlphaTauri ilə yenidən peletona qayıtması idi. Avstraliyalı sürücü daha əvvəl qalib gəldiyi Hunqarorinqdə pis performans göstərmədi. O, komanda yoldaşı Yuki Tsunodanı elə ilk sıralanma turunda geridə qoyaraq, ikinci sessiyaya çıxdı. İkinci sessiyada da Ləns Stroll və Pyer Qaslini qabaqlayaraq, 13-cü oldu. Daniel Rikkardonun Alphatauri ilə ilk həftəsonunu keçirdiyini nəzərə alsaq, yaxşı nəticədir. Bu gün bəxti gətirsə, xal da qazana bilər. Bundan gözəl qayıdış məncə, ola bilməz.

Düzü, Macarıstan yarışı həmişə sürprizlərə və ilklərə açıq olub. Məsələn, Fernando Alonso, Censon Batton, Heykki Kovalaynen, Esteban Okon burada ilk qələbələrini əldə ediblər. Bəlkə bu gün də ya Lando Norris ya da Oskar Piastri karyeralarının ilk qələbələrini əldə edərlər. Gözləyək görək.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*