R.Braun: “Şumaxerlə Həmilton fərqlidir”

Formula1-in idman direktoru Ross Braun bildirib ki, Mixael Şumaxer altıqat Dünya Çempionu Lyuis Həmiltona nisbətən daha çətin şəraitdə yarışıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü əfsanəvi Mixael Şumaxerin əksər rekordlarını qırıb və bu il almaniyalı əfsanənin həm qələbə, həm də çempionluq rekordunu yeniləyə bilər.

Ross Braun 1991-2006 və 2010-2012-ci illərdə Şumaxerlə işləyib. 2013-cü ildə isə Lyuis Həmiltonla birgə işləyib və hər iki sürücünü də dəyərləndirib: “İkisi də sükan arxasında çox istedadlıdırlar və bunu gözləmədiyiniz anda göstərirdilər. Lyuisin sıralanma performansı komandanı heyrətə gətirirdi. Mixael də belə idi.

Həmilton bütün çempionluqlara layiq idi. Həmişə doğru zamanda doğru yerdə oldu. Səhv eləmir və güclü sürücüdür. Performansı heyrətamizdir. Lyuis bəxtlə yarış qazanmır. Yaxşı iş gördüyü üçün qalib gəlir və haqqını vermək lazımdır.

Ancaq iki sürücü fərqli zamanlarda fərqli rəqiblərlə yarışdılar. Bolidlərinin tərzi tamamilə fərqlənirdi və xarakter olaraq da oxşamırlar. Lyuis çox peşəkardır və işini sevir. Mixael isə xırdalıqlara fikir verirdi. Lyuisin buna ehtiyacı yoxdur.

Hazırda sürücü boliddən düşür və mühəndisi onun bolidində döngələrdəki bütün hissiyatı təhlil edir. Buna görə də sürücünün fikrinə ehtiyac qalmır. Mixaellə yeni işləməyə başlayanda döngə nömrələrinin olduğu bir kağızımız var idi. O harada arxadan, harada öndən sürüşmə olduğunu qeyd edirdi. Daha sonra bunları təhlil edirdik. Hazırda isə bolid gedə-gedə mühəndislər təhlil edirlər. Buna görə də hazırda sürücünün rolu fərqlidir. Mixael daha gərgin rejimdə işləyirdi. Hazırkı dövrdə necə olacağını deyə bilmərəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*