Mövsümün yekunları-2017: Haas F1 Team

Formula1 üzrə 68-ci mövsüm və 2017-ci il artıq geridə qalıb. F-1.az hər bir komandanın keçən il ərzindəki çıxışını, əldə etdiyi nəticələri təqdim edir.

İkinci il yeni yaranmış komandalar üçün daha mürəkkəb olur, 2017-ci ildə isə yeni reqlament vəziyyəti daha da qəlizləşdirib. Lakin Haas demək olar ki, debüt ilindəki ilə eyni nəticəni göstərib, hətta daha çox xal qazanıb.

N Sürücü
Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
8 Roman Qrojan 20 13 28 6 6
20 Kevin Maqnussen 20 14 19 9 7

 

Haas F1 Team Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
2017 20 8 47 6 6
2016 21 8 29 7 5

Ferrari ilə əməkdaşlıq edən və Dallara-dan texniki dəstək alan Haas F1 Team çempionata daxil olmaq istəyən yeni komandalar üçün nümunə sayıla bilər. Komanda debüt mövsümündə təcrübə toplayıb və bu il daha çox xal qazanıb. Bunda təbii ki, keçən il heç bir yarışda xal zonasına düşə bilməyən Esteban Qutyerresin Kevin Maqnussenlə əvəzlənməsinin də rolu var.

Komanda maşını vaxtında hazırlayıb və qış testlərinə bir gün qalmış təqdim edib. Testlərin ilk günü əyləclərdəki problemlərə görə Maqnussenin qəzası ilə yadda qalıb. Bu problem komandanı mövsümün sonuna qədər narahat edib. Lakin VF-17-də başqa ciddi irad bildirilməli cəhət olmayıb. Testlərin ikinci günündə danimarkalı sürücü qət edilən məsafəyə görə hamını üstələyib.

Mövsümün ilk yarışında komandanın sürücüləri finiş görə bilməyiblər, lakin növbəti yarışlar uğurlu alınıb – komanda ilk 10 yarışda yeddi dəfə xal qazanmağa nail olub. Ən uğurlu nəticə Avstriyada qeydə alınıb. Yarışı altıncı yerdə başa vuran Qrojan yalnız top komandaların sürücülərinə uduzub. Həmin gün hər şey Haas üçün yaxşı alınıb. Komanda Mühəndislər Kubokunda yeddinciliyə yüksəlib. Lakin mövsümün ikinci hissəsi uğurlu keçməyib…

Ötən il olduğu kimi, komandanın maşını çox dar diapazonda səmərəli olub. Hər şey qaydasında olduqda komandanın sürücüləri orta qrupda əla mübarizə apara biliblər, əksinə olduqda isə hətta bəzi məqamlarda Sauber-dən də geri qalıblar. Qrojan payızda problemlərin səbəbini əməkdaşların çatışmazlığı ilə izah edib. Maşının elementlərinin bir çoxunun kənarda hazırlanması komandanın problemlərin həllərini tapmasına çətinlik törədib.

Əyləclərin soyutma sistemindəki problem dəfələrlə komandanın başını ağrıdıb. Qrojan Azərbaycan Qran Prisində beş sessiyanın hamısında bu problemlə qarşılaşıb, hətta bazar günü vəziyyəti “olduqca təhlükəli” adlandırıb. Komanda həll yolları tapmağa çalışıb. Hətta əyləc tədarükçüsünün dəyişdirilməsi qərara alınıb və Carbon İndustries şirkəti ilə müqavilə bağlanıb. Lakin vəziyyət dəyişmədiyindən, yenidən Brembo əyləclərinə qayıtmağa qərar verilib.

İyul ayında komandanın sahibi Cin Haas bildirib ki, gələn mövsüm sürücü heyəti dəyişməyəcək. Bir müddət sonra isə bütün resurslar 2018-ci ilin maşınının hazırlanmasına yönəldilib. VF-17-ə arabir yeniliklər gəlsə də, bunlar əsasən gələn ilə aid elementlər olub. Bu, orta qrupdakı mübarizəyə də təsir edib və komanda mövsümün ikinci hissəsində cəmi 4 xal qazana bilib.

Qrojan həm sıralanma turlarının nəticələrinə (12-8), həm də yarışlarda qazanılan xalların sayına (28-19) görə Maqnusseni üstələyib. Lakin bununla belə, fransız sürücü mövsümboyu maşından narazı olub və bunu tez-tez dilə gətirib. ABŞ Qran Prisi ərəfəsində Günter Ştayner ondan susmağı, şikayətlənməməyi xahiş edib. Roman bu xahişi yerə salmayıb. Kevin dəfələrlə insidentlərə qarışıb, lakin tənqidlərə əhəmiyyət verməyib. Niko Hülkenberqin Macarıstan Qran Prisindən sonra canlı efirdə onun barəsində dediklərinə isə sakit reaksiya verməyib və cavabı senzuradan kənar olub. Bununla belə, komanda rəhbərliyi bütün hallarda sürücüsünü müdafiə edib.

Baxmayaraq ki, Haas-da daha çox xal qazanmağın mümkünlüyünü etiraf edirlər, amma mövsümün yekunlarını müsbət qiymətləndirirlər. Komanda yeddinci yerə cəmi 6 xal uduzub. Gələn il üçün hədəf isə Mühəndislər Kubokunda altıncı yerdir. Reqlament dəyişməyəcək, gələn ilin maşını builki şassinin təkamülü olacaq. Sadəcə komanda əyləc probleminin həll edilməsi prossesini sürətləndirməlidir. Bu halda uğur qazanmaq tamamilə mümkündür.

İnkişaf vacibdir. Cin Haas etiraf edir ki, Formula1-də mübarizə aparmaq kənardan göründüyündən daha çətidnir. O, uğur əldə etmək üçün daha 5 il vaxt verdiyini bildirir…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*