McLaren və Norris üçün bu, verilə biləcək ən doğru qərar idi. Çünki bolid yarış qazanmağa imkan verir, komanda isə əvvəlki şöhrətini qaytarmaq, müntəzəm şəkildə titullar və Mühəndislər Kuboku uğrunda mübarizə aparmaq əzmindədir.
Bunu da əlavə etmək lazımdır ki, reallıqda Norrisin gedəcək başqa yeri də yoxdur – hazırda McLaren-də ona göstərilən münasibəti və belə bir bolidi o, başqa harada əldə edə bilər?
Oskar Piastrinin da nəyə qadir olduğunu göstərmək imkanı var və o da çox güclüdür. Buna görə də təəccüblənmərəm ki, avstraliyalı da bu komandada qalsın. Niyə də yox? O, McLaren-lə əla uyğunlaşıb və qələbələr uğrunda mübarizə aparmağa da tam qadirdir.
Ancaq bütün bu uzunmüddətli müqavilələr o deməkdir ki, gənc və perspektivli sürücülər üçün qapılar bağlı qalır. Üstəlik, onların istedadlarını nümayiş etdirə biləcəyi testlər demək olar ki, yoxdursa, bəs özlərini necə göstərsinlər? Məsələn, ötən il Formula2-nin çempionu olmuş, indi isə McLaren-in ehtiyat sürücüsü olan Leonardo Fornaroli bu mövsüm nə ilə məşğuldur?
Formula1-də yeni, həqiqi istedadların üzə çıxarılmasının vacibliyindən danışmağa davam edirlər, hətta dünya çempionatında qadınların da yer alması perspektivləri müzakirə olunur. Amma kimsə izah edə bilərmi, belə ssenariləri reallaşdırmaq üçün orada necə hərəkət etməyi planlaşdırırlar?
Razıyam, əvvəlki illərin maşınları ilə testlər (TPC) keçirilir və bu, heç olmasa müəyyən imkanlar yaradır, amma buna kim diqqət yetirir?
Nəsə etmək lazımdır, çünki Formula1-ə düşmək üçün keçilməsi vacib olan gənc sürücülər seriyaları – Formula3 və Formula2 – sadəcə həddən artıq bahalıdır. Amma əslində bu, həmişə belə olub və avtoidmanda pul istedaddan qat-qat önəmlidir. Bunu Alpine-in Franko Kolapinto ilə müqaviləsini uzatması da təsdiqləyir.





