Fernando Alonso: “Bu həftəsonu çox maraqlı keçməlidir, üstəlik, bu mövsüm bizim bir üstünlüyümüz var – İspaniyada iki dəfə çıxış edirik. Tras yenidir, ona görə də hamının qarşısında çətin bir vəzifə dayanır – məşqlərdə onu mümkün qədər tez öyrənmək.
Madrid trasını sadə adlandırmaq olmaz, burada porebriklərə aqressiv hücum etmək lazımdır, üstəlik, asfaltın ilişmə səviyyəsi də suallar doğurur. Bundan başqa, bu yeni maşınları sazlamaq həmişə çox çətindir, xüsusən də yeni trasda, buna görə də çətinliklər çox olacaq. Bununla belə, Madrid dünyanın ən gözəl şəhərlərindən biridir və burada artıq Qran Prinin keçirilməsi inanılmaz dərəcədə gözəldir. İstənilən sürücü üçün bu trasda qələbə qazanmaq çox böyük məna kəsb edəcək.
Biz bu həftəsonu üçün qarşımıza konkret hədəflər qoymuruq. Budapeştdə və Zandfortda maşınımız özünü kifayət qədər yaxşı göstərdi, amma sonra uzun düzlüyü olan Monzada yenidən problemlərlə üzləşdik.
Madrid trası bu üç trasın da xüsusiyyətlərini özündə birləşdirdiyi üçün, məncə, orta səviyyədə nəticələrə ümid edə bilərik – 12-ci yerlə 17-ci yer arasında, amma bunu hələ görəcəyik. Mənim üçün ən vacibi şassimizdən maksimumu sıxıb çıxarmaq olacaq. Madriddə işlərimiz Monzadakından daha yaxşı getməlidir.
Amma mənim üçün ən vacib məqam odur ki, karyeram ərzində İspaniyada Formula1-dən kartinqə qədər böyük dəyişikliklər baş verib, çünki müxtəlif İspaniya komandaları biryerlik maşınlarla yarışların fərqli kateqoriyalarında çıxış edirlər, üstəlik, indi ölkədə mənim muzeyim də var. Bütün bu çoxsaylı dəyişikliklər sayəsində karyeramla qürur duyuram”.
Fernandodan 2027-ci ildə nə ilə məşğul olacağı ilə bağlı qərarı nə vaxt verəcəyini soruşanda, ikiqat dünya çempionu belə cavab verib:
“Hələ tezdir. Vacib olan başa düşməkdir ki, gələn il qaydalar necə olacaq, texniki reqlamentə edilən düzəlişlər yarışların xarakterinə və pilotaja təsir edəcək, ya yox. Mən dəfələrlə demişəm ki, bu maşınları sürmək xüsusi zövq vermir, amma 2027-ci ildə nəsə dəyişməlidir və ümid edirəm ki, bu, düzgün istiqamətdə atılmış addım olacaq.
Eyni zamanda, komanda ilə birlikdə gələn il üçün hansı proqramın daha uyğun olacağını müəyyənləşdirməliyəm, buna görə də hələ bilmirəm, ili maşın sükanı arxasında keçirəcəyəm, yoxsa başqa bir rolda. Amma komandaya kömək edəcəyəm, buna görə də heç yana tələsmirəm”.





