Pirelli: Zandfortda təkərlər yüksək yüklənmələrə məruz qalır

Pirelli təkərçiləri Formula1 üzrə Niderland Qran Prisi üçün C2, C3 və C4 tərkibli təkərlər hazırlayıblar - ötən il də seçim eyni olmuşdu. Həmin vaxt yarış iki pit-stopla keçmişdi, buna təhlükəsizlik avtomobilinin trasa çıxması da təsir göstərmişdi və məsafə ərzində komandalar hər üç tərkibdən olan təkərlərdən istifadə etmişdilər.

Zandfort üçün xarakterik xüsusiyyətlərdən biri nisbətən aşağı ilişmə səviyyəsidir. Bu, həm asfalt örtüyünün xüsusiyyətləri ilə bağlıdır – onun müxtəlif hissələri ayrı-ayrı illərdə yenilənib, həm də avtodromun dəniz sahilində yerləşməsi ilə əlaqədardır. Buna görə külək trasın üzərinə daim qum gətirir. Bu səbəbdən ilişmə ilə bağlı çətinliklər təkcə cümə günü yox, sonrakı günlərdə də müşahidə oluna bilər. Üstəlik, ilişmə səviyyəsi, hətta sessiyadan sessiyaya da dəyişə bilər.

Niderland trasında dövrə çox uzun deyil – 4.259 km-dir və burada 14 döngə var. Onlardan bəziləri sürətlidir, buna görə də şinlər yüksək şaquli və üfüqi yüklənmələrə məruz qalır. Bu, ilk növbədə, bankinq bucağının müvafiq olaraq 19 və 18 dərəcəyə çatdığı 3-cü və 14-cü döngəlara aiddir.

Komandalar şassi ilə rezinin səmərəli qarşılıqlı işləməsinə nail olmağa çalışaraq sazlamaları çox diqqətlə seçməlidirlər. Burada yüksək asfaltayatma qüvvə səviyyəsi tələb olunur və bu göstərici Macarıstan mərhələsindəki ilə tam müqayisə oluna bilər.

Nəzəri baxımdan, rezinin temperatur deqradasiyası kimi amilin təsiri ciddi ola bilər, amma praktikada avqustun sonunda Zandfortda havanın temperaturu nadir hallarda 20 dərəcədən yuxarı qalxır və yağış ehtimalı da yüksəkdir. Həmçinin nəzərə almaq lazımdır ki, Şimal dənizindən güclü külək əsə bilər və bu da maşınların davranışına təsir göstərəcək.

Niderland Qran Prisinin proqramına ilk dəfə şənbə sprinti daxil edilib, buna görə komandaların ixtiyarında cəmi birsaatlıq bir məşq olacaq və bu müddətdə sazlamaları tam dəqiqləşdirməyə çatdırmaq lazım gələcək.

Pirelli mütəxəssisləri hesab edirlər ki, bazar günü yarışda əsasən sərt tərkibli təkərlərdən istifadə olunacaq, lakin daha yumşaq iki tərkib də kifayət qədər yararlı olacaq – ilk növbədə sprintdə.

Bu trasda ötmələr çətindir, çünki o, kifayət qədər dardır və burada cəmi bir düzlük var. Bütün bunları komandalar taktika seçərkən mütləq nəzərə alacaqlar.