Leo Turrini Kimi Antonellinin Monzadakı qələbəsi barədə

Leo Turrini İtaliya avtomobil idmanı jurnalistikasına bir neçə onillik həsr edib və çox şey görüb, amma Kimi Antonellinin dünən Monzadakı qələbəsi onu sözün əsl mənasında heyran qoyub…

Dərhal etiraf etməliyəm ki, avtoidman jurnalistikasında yarım əsrə yaxın fəaliyyətim ərzində heç vaxt buna bənzər bir şey görməmişdim! Kimi Antonelli, qoy Göylər onu qorusun, sözün əsl mənasında məni heyrətləndirdi.

Mercedes-in texnoloji üstünlüyü ilə bağlı istənilən arqumentlə razılaşmağa hazıram, çünki bu üstünlük Monzada yenidən sensasiyalı şəkildə özünü göstərdi. Amma indi söhbət 19-cu yerdən start alıb hamını geridə qoyan 20 yaşlı bir gəncdən gedir. Üstəlik, bəzilərini, hətta bir necə dəfə ötmüşdü.

Daha sonra isə İtaliya Qran Prinin möhtəşəm finalını izlədik; o, komanda yoldaşı Corc Rassellə çatdı. Görünür, Rassell nəhayət, kiminlə üz-üzə olduğunu anladı.

Antonelli Mercedes komandası ilə bağlı olsa və gümüşü rəngli bolidi idarə etsə də, onun hekayəsi kifayət qədər romantik və çox italiyansayağıdır. O, Emiliya Romanyanın paytaxtı Bolonyada doğulub, bu regionu isə “Motorlar diyarı” adlandırırlar. Üstəlik, Kiminin atası Markonun sayəsində dörd təkər üzərində sürət həmişə onların ailəsi üçün bir növ həyat idealı olub.

İnkar etməyəcəyəm, dünən gördüyümüz mənzərə məndə çox güclü təəssürat yaratdı, halbuki keçmişdə buna bənzər bir şeyi təsəvvür etmək belə mümkün deyildi. İcazə verin izah edim: Monzadakı avtodromun tribunalarını dolduran bütün Ferrari azarkeşləri rəqiblər üçün çalışan bu Bolonyalı Harri Potteri ayaqüstə alqışladılar.

Keçmişdə başqa komandaların maşınlarını idarə edən italyan sürücülərin belə münasibət gördüyü olmamışdı. Məsələ burasındadır ki, Antonellinin uğurları sırf yarış kontekstindən kənara çıxır. O, sanki kollektiv şüurda baş verən müəyyən genetik mutasiyanı hərəkətə gətirir, anlayırsınızmı?

Bilmirəm, o özü bunun fərqindədir, ya yox – bəlkə də bunun üçün hələ çox cavandır. Amma demək olar ki, bir əsr davam edən tarix gözlərimizin önündə yenidən yazılır. Buna laqeyd qalmaq isə sadəcə mümkün deyil.

Mövzuya toxunmuşkən, indi demək istəyirəm ki, Ferrari öz azarkeşlərini çox ciddi məyus etdi. Hamının yeni mühərrik versiyası ilə bağlı böyük gözləntiləri var idi, amma məlum oldu ki, bu, heç nə vermir.

Şarl Lekler startda əvvəlcə Lyuis Həmiltonla mövqe uğrunda mübarizəyə girişdi, daha sonra isə dəhşətli qəzaya düşdü – xoşbəxtlikdən, fiziki xəsarət olmadı. Ser Lyuis yarışın heç bir mərhələsində yüksək nəticəyə iddia edə bilmirdi və madəm söhbət Skuderiyadan düşüb, Frederik Vassyör artıq məsələyə qarışmalı və hər iki sürücüyə açıq şəkildə izah etməlidir ki, ilk yerdə onların şəxsi ambisiyaları yox, komandanın maraqları dayanmalıdır.

Monzadan sonra Ferrari yaralarını sarımalı və itkilərini hesablamalı olacaq. Formula1-də belə hallarda deyildiyi kimi, hər şeyi çox diqqətlə təhlil etmək kritik dərəcədə vacibdir.

Bazar günü ilk növbədə Lekler üçün dramatik alındı, amma bu, ümumilikdə bütün Maranello komandasına da təsir edəcək, çünki onların bütün ümidləri puça çıxdı. Həftəsonunun yekunları kədərlidir: Həmilton yalnız altıncı yeri tutdu və bu da o deməkdir ki, onun SF-26-sı sürət baxımından təkcə sürətli Mercedes-lərdən deyil, həm də Maks Ferstappenin Red Bull-undan və McLaren-in hər iki maşınından geri qalırdı.

Görünür, mövsümün sonu Ferrari üçün sevincsiz keçəcək və bununla bağlı çoxlu sual yaranır. İlk növbədə, niyə yeni mühərrik versiyası gözləntiləri doğrultmadı? Bundan başqa, Skuderiyanın iki sürücüsü arasındakı münasibətlər mövzusu da getdikcə daha актуал olur və bunun da aydınlaşdırılması lazımdır, çünki düzünü desək, bütün nəticələri nəzərə alsaq, yarışın başlanğıcı adamı məyus edirdi.

Daha əlavə edəcəyim heç nə yoxdur.