Azərbaycan Qran Prisində önə çıxanlar

Mövsümün dördüncü yarışı olan Azərbaycan Qran Prisi geridə qaldı. Burada eyni zamanda bu il ilk dəfə sprint yarışları təşkil edildi. Özü də yeni formatda. Bəs Azərbaycan Qran Prisi həftəsonunda nələr baş verdi?

Yarışdan əvvəl onsuz da Red Bull ən böyük favorit idi, çünki mövsümün ilk 3 yarışında oynaya-oynaya qalib gəlmişdilər. Onların qalib gəlməməsi üçün bir yol var idi – Yolda qalamaları. Amma bu baş vermədi və Peres həm sprintdə, həm yarışda qalib gələrək “Bakı Sindromu”na son qoydu.

Düzdür, burada Çekonun qələbəsində Red Bull komandasının da müəyyən qədər köməyi oldu, çünki strateqlər görürdülər ki, Nik de Frizin maşını onsuz da riskli yerdə dayanıb və trasa mütləq təhlükəsizlik maşını çıxacaq. Amma onlar həmin anda yarışın lideri olan Maksı pitə alaraq, Peresə qələbədə kömək etdilər. Ancaq bir şey də var ki, buna qədər meksikalı pilot Maksdan sürətli idi və fərqi artıq 0.6 saniyəyə qədər azaltmışdı və doğrudan da sürətli görünürdü.

Onsuz da Peresin Bakıdakı keçmişinə baxsaq, onun bu qələbəsini təsadüfi saya bilmərik. O, daha əvvəl Bakı Şəhər Halqasında biri qələbə olmaqla 4 dəfə – 2016, 2018, 2021, 2022-ci illərdə podiuma yüksəlmişdi.

Maks Ferstappen isə bəlkə də, yeni sprint reqlamentinə öyrəşə bilmədiyi üçün Azərbaycanda yaxşı sazlanama tapa bilmədi və həftəsonu ərzində komanda yoldaşı Peresə müqavimət göstərə bilmədi.

Bu həftənin ən gözəl sürprizlərindən biri isə Ferrari-nin yenidən özünə gəlməsi idi. Şarl Lekler həm əsas, həm də sprint yarışının sıralanma turunda poul qazanaraq, tiffoziləri sevindirdi. Amma “qırmızlar” yarış tempində hələ də Red Bull-dan çox geridədirlər. Hətta dünənki yarışda Fernando Alonso belə az qala Lekleri keçəcəkdi. Yenə də ilk yarışlara baxanda Ferrari-nin bu performansı azarkeşləri bir az ümidləndirdi.

Lakin Karlos Sayns gözlənilən performansı göstərə bilmir. McLaren-də göstəridyi mükəmməl performansdan sonra Ferrari-də çox sönük görünür. Xüsusən də, keçən il Formula1-in texniki reqlamenti dəyişdikdən sonra ispaniyalı sürücü heç özünə oxşamır. Bakıda həftəsonu ərzində sazlanma tapmaqda çətinlik çəkdi və həm sprintdə, həm də əsas yarışda beşinciliyə razı oldu.

Həftəsonunun digər önə çıxan sürücüsü isə Fernando Alonso idi. İspaniyalı sürücü hər iki sıralanma turunda zəif görünsə də, yarışda əsl canaara döndü. Hətta, təkərlərini qorumayıb, vaxtında Leklerə hücum etsə, bəlkə də builki ardıcıl 4-cü podiumunu qazanacaqdı. Ancaq Aston Martin xüsusən də Alonso ilə yenə də sürətli görünür və bu həftəsonu Mayamidə yenidən podium şansları ola bilər.

Mercedes-də isə belə görürəm ki, heç bir şey dəyişməyib. “Gümüşü oxlar” 28 günlük fasilədə maşını elə də yaxşı təkmilləşdirə bilməyiblər. Lyuis Həmilton əsas yarışda bir neçə ötmə etsə də, təkərləri tez öldürməsi ilə diqqət mərkəzinə düşdü. Bakıdakı Lyuis mənə 2010-cu illərin əvvəlindəki Lyuisi xatırlatdı. Aqressiv və təkərləri tez öldürən. Belə görünür ki, Mercedes-in zəif olması artıq yeddiqat Dünya Çempionunu sözün əsl mənasında dəli edir.

Həftəsonunun ən böyük məyusluğunu isə Alpine komandası yaşatdı. Avstraliyada Qasli ilə podium uğrunda mübarizə aparan fransızlar, yeniliklər gətirdikləri Bakıda həftəsonu ərzində problemlərdən qurtulmadılar. Başlarına gələ biləcək bütün pis hadisələr gəldi. Gah maşın yandı, gah divara çırpıldılar, gah səhv strategiya seçdilər, gah da yarışa pit yolundan başladılar. Sonda isə yarışı xalsız bitirdilər. Alpine bu il qara zolaqdan çıxa bilmir. Onlar bu il keçirlən 4 yarışdan sadəcə Ciddədə xal qazana biliblər. Bu isə keçən il 4-cü yeri tutan komanda üçün böyük fiaskodur. Komanda bu il özünü toparlaya bilməsə, 6-cı yerdən yuxarı qalxa bilməyəcək.

Növbədə isə Mayami yarışıdır. Növbəti şəhər tipli tras… Serxio Peres bu il şəhər tipli traslarda keçirilən iki yarışda da – Ciddə və Bakı –  qalib olub. Bəs görək “şəhər uşağı” yenə də özünü isbatlaya biləcək?

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*