Dünya çempionatının Niderland mərhələsində Lando Norrisin ardıcıl ikinci qələbəsi ilə yanaşı, artıq gizlətməyin mümkünsüz olduğu bir həqiqət də üzə çıxdı. Qısaca desək, Mercedes və Ferrari çətin vəziyyətdə qalıblar. Əlbəttə, hər iki komandanın normal atmosferi bərpa etməyə çalışacağını deməyin isə elə bir mənası yoxdur.
İcazə verin izah edim. Lyuis Həmilton kimi xarizmatik bir simadan radio ilə mühəndislərinə “Siz məni təcrübə dovşanı kimi istifadə edirsiniz? Ümumiyyətlə, nə baş verir?” deməsini eşitmək olduqca qeyri-adidir.
Şarl Leklerin da əsəbi olduğu açıq-aşkar hiss olunurdu. Təbii ki, o da qıcıqlanmışdı, çünki finişdə komanda yoldaşının arxasında qaldı, üstəlik çempionatın şəxsi hesabında da artıq Lyuisdən bir neçə pillə aşağıdadır.
Görünür, Frederik Vassyördən hansısa izahat tələb olunmalıdır.
Davam edək. Kimi Antonelli Niderlandda pis çıxış etmədi və o qədər də əlverişli olmayan şəraitə baxmayaraq, mümkün olan maksimum nəticəni əldə etdi. O, ikinci yeri tutdu, amma Mercedes komandası ondan mövqeyini komanda yoldaşına verməsini istəyəndə, bütün dünya Corc Rassellin narazı şərhlərini eşitdi (və bu halda onun narazılığı tam əsaslı idi).
Sonda köhnə həqiqət bir daha təsdiqini tapdı: hər bir sürücünün əsas rəqibi yenə də onun komanda yoldaşıdır. Formula1-də texnologiyalar ağlasığmaz sürətlə inkişaf edir, texniki reqlament elə dəyişdirilib ki, açığı, məndə hələ də çoxlu suallar qalır. Bununla belə, yazılmamış qanunlar hələ də qüvvədədir və məhz onların sayəsində çempionatda daim ictimaiyyətin həvəslə müzakirə etdiyi hadisələr baş verir.
Belə əhvali-ruhiyyə ilə Monzaya yollanırıq. Antonellinin müxtəlif yeni rekordlar müəyyənləşdirmək həvəsi böyük olduğuna görə, onun yenidən belə bir şansı var, çünki italyanlar 1966-cı ildən bəri öz ev yarışlarında qalib gələ bilmirlər. Həmin vaxt bunu Ferrari-312-nin sükanı arxasında karyerasındakı yeganə qələbəni qazanan Ludoviko Skarfyotti bacarmışdı.
20 il əvvəl, 2006-cı ildə isə Mixael Şumaxer Ferrari ilə möhtəşəm şəkildə vidalaşmış, həmin parlaq qələbədən sonra karyerasını başa vurmaq qərarını açıqlamışdı.
Bu emosiyalar və təsadüflər burulğanında, cazibə və şarm nümunəsi sayılması çətin olan bir insana haqqını verməyi vacib sayıram. Amma Fernando Alonso Formula1-də artıq dörddəbir əsr çıxış etməsinə baxmayaraq, heyrətləndirməkdə davam edir.
O, Niderlandda uğura can atan bir gənc kimi döyüşdü və doqquzuncu yeri tutmaq üçün əlindən gələni etdi, halbuki belə bir nəticə onun bitib-tükənməyən karyerasının statistikası üçün heç nə ifadə etmir. Amma bu mənim bütün inadımla danışmağa davam etdiyim Formula1 romantikasını parlaq şəkildə simvolizə edir.
Beləliklə, qarşıda Monza var. Antonelli artıq elan edib ki, güc qurğusunun dəyişdirilməsinə görə orada son sıralardan start alacaq. Buna baxmayaraq, bu italyan dəcəl çempionatda qələbəyə getdikcə daha da yaxınlaşır. Ferrari-yə gəlincə, düşünürəm ki, komanda daha güclü mühərrik hesabına ev trasında yenidən yüksək mövqelərə qayıdacaq və Skuderiya azarkeşləri nəhayət sevinmək üçün səbəb tapacaqlar.
Əgər Həmilton və Lekler qələbə dublyına doğru gedərkən bir-birinin yoluna çıxacaqlarsa, onda heç olmasa, təvazökar 4-cü yerdən daha yüksək nəticə uğrunda mübarizə aparmaq üçün onların ciddi səbəbi olacaq…





