Azərbaycanda 10 illik Formula1 həyəcanı: Bakı yarışlarının tarixindən

Azərbaycan Formula1 üzrə 10-cu Qran Priyə ev sahibliyi etməyə hazırlaşır. Yubiley yarışı ərəfəsində Bakı şəhər halqasının əvvəlki doqquz yarışında baş verən ən diqqətçəkən məqamlara nəzər salaq.

Azərbaycan Formula1 üzrə 10-cu Qran Priyə ev sahibliyi etməyə hazırlaşır.

F-1.Az xəbər verir ki, 2016-cı ildə Avropa Qran Prisi ilə başlayan Bakı mərhələsi ötən illər ərzində gözlənilməz qələbələr, maraqlı mübarizələr, rekordlar və Formula1 tarixində iz qoyan hadisələrlə yadda qalıb.

Bakı şəhər halqası Formula1-in ən mürəkkəb və maraqlı şəhər treklərindən biridir

Məhz Bakı şəhər halqasının özünəməxsus xüsusiyyətləri Azərbaycan Qran Prisini mövsümün maraqlı mərhələlərindən birinə çevirir. Paytaxtın mərkəzi küçələrindən keçən trek yüksək sürətli uzun düzlükləri texniki cəhətdən mürəkkəb döngələrlə birləşdirir.

Trekin ən diqqətçəkən hissələrindən biri İçərişəhərin qala divarları boyunca uzanan dar sahədir. Trekin ən dar nöqtəsində, 8 və 9-cu döngələrin yerləşdiyi hissənin eni cəmi 7.6 metrdir. Bu isə pilotlardan maksimum dəqiqlik tələb edir. Digər tərəfdən, uzun start-finiş düzlüyü yüksək sürət və ötmə manevrləri üçün əlverişli imkan yaradır.

Bu xüsusiyyətlərin birləşməsi Bakıdakı yarışları gözlənilməz nəticələri ilə fərqləndirir.

2016: Bakıda Formula1 tarixinin ilk səhifəsi

Avropa Qran Prisi adı altında keçirilən ilk Bakı yarışının qalibi Mercedes pilotu Niko Rosberq olmuşdu. Almaniyalı pilot həmin mövsümün sonunda karyerasında ilk dünya çempionluğunu qazanmışdı. Rosberq çempionluqdan bir neçə gün sonra peşəkar karyerasını başa vurduğunu açıqlamışdı.

Sebastian Vettel, Nico Rosberg, Sergio Perez, Baku City Circuit, 2016

2017: Bakı trekində xaos və möhtəşəm geridönüş

2017-ci il Azərbaycan Qran Prisi dramatik hadisələrlə yadda qalmışdı. Sebastyan Fettel və Lyuis Həmilton arasında yaşanan insident, yarışın bir neçə dəfə Təhlükəsizlik Maşını (TM) rejimində davam etməsi və qırmızı bayraqla dayandırılması Bakıdakı mübarizəni mövsümün ən çox müzakirə olunan yarışlarından birinə çevirmişdi.

Yarışa onuncu pillədən başlayan Red Bull pilotu Daniel Rikkardo sonda qələbə qazanmışdı. Mercedes-dən Valtteri Bottas finişə bir neçə metr qalmış Williams pilotu Ləns Strollu qabaqlayaraq ikinci olmuşdu – Ləns isə debüt mövsümündə podiuma yüksələn ən gənc sürücü statusuna yiyələnmişdi.

Daniel Ricciardo

2018: Son anda qalibi dəyişən hadisələr

Yarışın diqqət mərkəzində Red Bull komandasının pilotları Maks Ferstappen və Daniel Rikkardo arasında baş verən toqquşma olmuşdu. Hadisə nəticəsində hər iki pilot mübarizəni dayandırmışdı.

Əsas dram isə finişə bir neçə dövrə qalmış yaşanmışdı. Yarışa liderlik edən Valtteri Bottas təkərinin partlaması nəticəsində mübarizədən kənarda qalmışdı. Nəticədə liderliyə yüksələn Lyuis Həmilton yarışı birinci pillədə başa vuraraq qələbə qazanmışdı.

raikkonen hamilton perez

2019: Mercedes-in zəfəri, Leklerin səhvi

Valtteri Bottasın qələbəsi və Lyuis Həmiltonun ikinci yeri tutması ilə Mercedes Azərbaycan Qran Prisində ilk iki yeri tutmuşdu.

Sıralanma turu isə Şarl Leklerin qəzası ilə yadda qalmışdı. Ferrari pilotu İçərişəhər tərəfdə yerləşən 8-ci döngədə idarəetməni itirərək təhlükəsizlik səddinə çırpılmışdı.

Lewis Hamilton, Valtteri Bottas, Sebastian Vettel, Baku City Circuit, 2019

2021: İki əsas favoritin mübarizədən kənarda qalması

2021-ci il Azərbaycan Qran Prisi Bakı mərhələsinin tarixində ən dramatik sonluqlardan biri ilə yadda qalmışdı. Finişə beş dövrə qalmış yarışa liderlik edən Maks Ferstappen təkərinin sıradan çıxması nəticəsində mübarizəni dayandırmışdı.

Yarışın qırmızı bayraqdan sonra yenidən başlaması ilə qələbə şansı Lyuis Həmiltona keçmişdi. Lakin britaniyalı pilot qızdırma dövrəsi zamanı “Brake Magic” (əyləc balansı) funksiyasını söndürməyi unutmuşdu. Əyləc balansının ön təkərlərə yönəlməsi onun startdan sonra birinci döngədə trekdən çıxmasına səbəb olmuşdu.

Ferstappenin mübarizədən kənarda qalması və Həmiltonun səhvi nəticəsində qələbəni Red Bull pilotu Serxio Peres qazanmışdı.

Sergio Perez

2022: Red Bull üçün tarixi dubl

Ferrari pilotları Şarl Lekler və Karlos Sayns texniki problemlər səbəbindən mübarizəni dayandırdıqdan sonra qələbəni Maks Ferstappen qazanmışdı. Bu niderlandlı pilotun Bakı şəhər halqasındakı ilk qələbəsi olmuşdu.

Serxio Peres ikinci yeri tutaraq Red Bull-a Azərbaycan Qran Prisində ilk dublu qazandırmışdı.

Max Verstappen

2023: “Bakı trekinin kralı” Serxio Peres

2023-cü il Azərbaycan Qran Prisi sprint yarışının da keçirildiyi yeni həftəsonu formatında baş tutduğu ilk yarış olmuşdu. Serxio Peres həm sprint yarışında, həm də əsas Qran Pridə qalib gəlmişdi.

Bakıda əldə etdiyi ikinci qələbədən sonra Peres Formula1 azarkeşləri arasında qeyri-rəsmi olaraq “Bakı trekinin kralı” ləqəbini qazanmışdı – bu qələbəyə qədər Bakıda hər yarışda yeni bir sürücü qələbə qazanmışdı.

Sergio Perez

2024: Piastri və Leklerin dueli

Azərbaycan Qran Prisinin qalibi McLaren komandasının pilotu Oskar Piastri olmuşdu. Şarl Lekleri pit-stopdan sonra ötməklə liderliyə yüksələn avstraliyalı pilot finişədək birinci mövqeyini qorumuşdu.

Yarışın son dövrələri isə dramatik hadisə ilə yadda qalmışdı. Finişə az qalmış Serxio Peres və Karlos Sayns üçüncü yer uğrunda mübarizə zamanı toqquşmuşdular. Nəticədə hər iki pilot yarışı başa vura bilməmişdi.

Oscar Piastri

2025: Altı qırmızı bayraq və gözlənilməz podium

2025-ci ildə Azərbaycan Qran Prisinin qalibi Red Bull komandasının pilotu Maks Ferstappen olmuşdu. Niderlandlı pilot yarış boyu liderliyi qoruyaraq finişə birinci çatmışdı. Corc Rassell ikinci, Karlos Sayns isə üçüncü olmuşdu. Sayns Williams komandası ilə ilk podiumunu Bakıda qazanmışdı.

Yarış həftəsonunun ən diqqətçəkən hadisələrindən biri isə altı dəfə qırmızı bayraqla dayandırılan sıralanma turu olmuşdu – bu göstərici Formula1 tarixində yeni rekord kimi qeydə alınmışdı.

Max Verstappen

2026: Tarixin yeni səhifəsi

İndi isə növbə 10-cu Qran Pridədir. Sentyabrın 24-26-da Bakı şəhər halqası bir daha dünyanın ən sürətli pilotlarını qəbul edəcək və Azərbaycan Qran Prisinin tarixində növbəti qalib müəyyənləşəcək.

,