Vassyör: Təzyiq altında işləmək işimin bir hissəsidir

Ferrari komandasının rəhbəri Frederik Vassyör artıq İtaliya şirkətinin sahiblərinin etimadını itirdiyi və tezliklə vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı şayiələri təkzib edib…

Frederik Vassyör: “Deyirlər ki, məni bu həftəsonu işdən çıxaracaqlar, ya da artıq əvvəlcədən çıxarıblar. Biz iki yarış qazanmışıq və daha çox qələbə qazana bilərik, irəliyə doğru necə hərəkət etməli olduğumuzla bağlı aydın təsəvvürümüz var və mən məhz buna köklənmişəm. Təzyiq altında işləmək mənim işimin bir hissəsidir, vaxtımı şayiələri müzakirə etməyə sərf etmək istəmirəm.

Eynilə, mənim təcrid olunmağım və Ferrari prezidentinin dəstəyini hiss etməməyimlə bağlı şayiələri də müzakirə etmək istəmirəm – biz daim əlaqədəyik və konstruktiv ünsiyyət qururuq. Demək olar ki, hər həftəsonu bokslarda Maranellodan ali rəhbərlikdən bir nümayəndə olur – Con Elkann, Benedetto Vinya və Pyero Ferrari də daxil olmaqla. Düşünürəm ki, bu, həm trasda, həm də Maranelloda çalışan hər kəs üçün çox yaxşı siqnaldır.

Formula1-də biz hamımız daim risk altındayıq, buna görə də özümü iki həftə əvvəlkindən fərqli hiss etmirəm və nəyisə dəyişməyi planlaşdırmıram. Ümid edirəm ki, Monzadakı uğursuzluqdan sonra Madriddə dərhal özümüzə gələ biləcəyik. Leklerin maşınının təmiri böyük səy tələb etdi, amma indi hər şey qaydasındadır.

Monzadan sonra görüşdük və baş verənləri müzakirə etdik. Əvvəlcə ayrı-ayrılıqda, sonra isə hamımız birlikdə hər şeyi təhlil etmək üçün. Bir-birimizi başa düşmək üçün uzun-uzadı danışmağa ehtiyacımız yoxdur. Onlar mənim nəyi qəbul etdiyimi, nəyi isə etmədiyimi bilirlər.

Biz elə əvvəldən qərara gəlmişdik ki, komandada iki birinci nömrə olacaq və onlara eyni münasibət göstəriləcək. Sürücülər bunu çox yaxşı başa düşürlər. Lyuis, əlbəttə, bunu da anlayırdı, bu, müqavilədə də yazılıb. Bu, strateji seçimdir. Bəziləri birinci və ikinci nömrəni seçir, biz isə iki birinci nömrəni seçmək qərarına gəldik – bu qərarın gətirdiyi bütün üstünlüklər və çatışmazlıqlarla birlikdə.

Mən hər vəziyyətin əvvəlcədən razılaşdırılmalı olduğu fikri ilə razı deyiləm. İstənilən halda müzakirələr olacaq. Kimə üstünlük veriləcəyi ilə bağlı qərarı mən verirəm. Onlar mənə və qərarlarıma güvənirlər. Təməl məsələ hörmətdir: öz aralarında, mənə, əməkdaşlara, sponsorlara, amma hər şeydən əvvəl Ferrari-yə”.