Pirelli: MadRinqdə ilişmə səviyyəsi nisbətən aşağıdır

Qarşıdan gələn uik-enddə Formula1 komandaları ilk dəfə şəhər halqası ilə stasionar trasın xüsusiyyətlərini birləşdirən yeni İspaniya avtodromu MadRinqdə mübarizə aparacaqlar.

Pirelli İspaniya Qran Prisi üçün öz xəttinin orta hissəsindən təkərlər seçib: C2 Hard, C3 Medium, C4 isə Soft kimi istifadə olunacaq.

İtaliya şirkətinin mütəxəssisləri gələcək trasda mümkün yüklərin hesablanmasına hələ üç il əvvəl, onun konfiqurasiyası ilə bağlı layihə sənədlərini aldıqları vaxt başlayıblar. Kompüter modelləşdirməsi texnologiyalarının köməyi ilə onlar maşınların hərəkət edəcəyi ehtimal olunan trayektoriyaları, eləcə də təkərlərə düşəcək yüklənmə səviyyəsini müəyyən ediblər.

Trasın tikintisi başa çatdıqdan sonra Pirelli-nin bir qrup mühəndisi örtüyün codluluq xüsusiyyətlərini detallı öyrənmək üçün Madridə ezam olunub, bundan sonra simulyatorda aparılmış hesablamalara düzəliş edilib. Təkərçilər bu məlumatları komandalarla da bölüşüblər ki, qarşıdakı yarışa hazırlaşmalarına kömək etsinlər.

MadRinq təqvimdə təkərlərin ən yüksək yüklənməyə məruz qaldığı beş trasdan biridir, döngəlardə təkərlərə təsir edən qüvvələr Barselona və Silverstoundakı yan yüklənmələrlə müqayisə oluna bilər, Monumental adlı döngədə isə şaquli yüklənmə səviyyəsi, ümumiyyətlə, mövsümdə maksimumdur. Bu, təkcə bənkinqin meyil bucağı ilə deyil, döngənin uzunluğu ilə də bağlıdır.

Yeni trasda ilişmə ilə bağlı çətinliklər də gözlənilir və sürücülər döngələrə və onların ardıcıllıqlarına nə dərəcədə aqressiv hücum etmək niyyətində olmalarından asılı olaraq, bunun öhdəsindən fərqli şəkildə gələ bilərlər. Bundan başqa, oradakı asfalt çox hamardır, buna görə də ilişmə səviyyəsinin nisbətən aşağı olacağını gözləmək olar.

Çempionat komandaları MadRinqdə heç bir test keçirmədiklərinə görə, birinci məşqdə trası öyrəndikdən sonra həftəsonunun qalan sessiyaları üçün proqramı korrektə etməli və mümkün taktika variantlarını hesablamağa başlamalı olacaqlar. Əgər daha yumşaq tərkibli təkərlərin deqradasiyası həddən artıq yüksək olsa, istisna deyil ki, onlar sərt təkərləri bazar günü keçiriləcək yarış üçün saxlasınlar.

,