Andretti: Mən əvvəllər hər şeyin daha yaxşı olduğunu deyənlərdən deyiləm

Mario Andretti 1978-ci ildə Lotus komandası ilə dünya çempionu titulunu qazanıb və hazırda Cadillac direktorlar şurasının tərkibində yer alır. Bu həftəsonu o, əlbəttə ki, Ostindədir, çünki avtoidmanın 86 yaşlı veteranı ABŞ Qran Prisini buraxa bilməzdi və Gazzetta dello Sport-a müsahibəsində Formula1-in yeni komandasının debüt mövsümündə işlərin necə getdiyi ilə bağlı təəssüratlarını bölüşüb.

Mario Andretti: “Şübhəsiz, çempionatın əvvəlilə müqayisədə irəliləyiş var, hərçənd aydındır ki, komandamız çox gəncdir, heyətdə çoxlu yeni əməkdaş var və onlar hələ bu atmosferə, yeni mühitə alışmalıdılar. Üstəlik, uzun müddət ərzində komandanın ştatı tam formalaşmayıb.

Sürücülər əla işləyiblər, öz təcrübələrini komanda ilə bölüşüblər və ümid edirik ki, gələn il o, daha güclü və rəqabətədavamlı olacaq.

Yəqin ki, mən müəyyən mənada romantikəm, amma mənə elə gəlir ki, Formula1-ə amerikalı sürücü çatmır. Əla olardı ki, Ostindəki avtodromun tribunalarındakı bütün o azarkeşlər öz həmyerlilərindən birini alqışlaya bilsinlər. Qalan məsələlərə gəldikdə isə hesab edirəm ki, hazırda Formula 1 ideal formadadır.

Mən o keçmiş sürücülərdən deyiləm ki, bizim dövrümüzdə hər şeyin daha yaxşı olduğunu deyirlər, çünki hər nəsil öz qaydaları ilə oynayır, hər nəslin öz prioritetləri var. Amma 2026-cı ildə mövsüm əla keçir və çempionata möhtəşəm sürücü – Kimi Antonelli başçılıq edir. O, Formula1-in yeni qəhrəmanına çevrilib və ona baxanda hamımız çox güclü emosiyalar yaşayırıq.

Mən onun istedadının böyük azarkeşiyəm və Kiminin gördüyü işlərdən heyran qalmışam. O, tezliklə dünya çempionatını qazanmış dördüncü italyan olacaq – məndən, Alberto Askaridən və Cüzeppe Farinadan sonra! (gülür) Hərçənd bilirəm ki, məni italyan çempionların siyahısına daxil etmirlər, çünki rəsmi olaraq amerikalıyam, amma qəlbimin dərinliyində italyan olaraq qalmışam!

Ona görə də sevinirəm ki, Antonelli dünya çempionu olandan sonra mənə də qoşulacaq. O sübut edib ki, gənc olmasına baxmayaraq, əla sürücü üçün lazım olan bütün keyfiyyətlərə malikdir”.

Andrettidən mövsümün ona ən güclü emosiyalar yaşatmış anının hansı olduğu soruşulanda belə cavab verib: “Birmənalı olaraq, Monzadakı yarış. Mən bu trasda qalib gəlmişəm və sürücünün italyan azarkeşlərin gözü qarşısında uğur qazanmasının nə demək olduğunu bilirəm. Üstəlik, Kimi son cərgədən start alaraq İtaliya Qran Prisini qazanıb və finişdə birinci yerə yüksəldiyi o inanılmaz sıçrayışı heç vaxt unutmayacaq.

Antonelli bundan sonra daha yüz qələbə qazana bilər, amma həmin triumf həm onun üçün, həm də buna şahid olan hər kəs üçün həmişə tamamilə xüsusi nailiyyət olaraq qalacaq”.

Gələn ildən danışsaq, Mario Andretti Ferrari-nin uğuruna inanır: “Onlar 2026-cı ildə əvvəlki mövsümlə müqayisədə böyük addım atıblar və ümid edirəm ki, gələn il Skuderiya daha rəqabətədavamlı çıxış edəcək və çempionluq uğrunda mübarizə apara biləcək.

Lyuis Həmilton ötən mövsümün çətinliklərindən sonra çempion üslubunda geri dönüş edib, Şarl Lekler isə möhtəşəm sürücü olduğunu sübut etməyə davam edir. Ümid edirəm ki, 2027-ci ildə onların titul uğrunda mübarizə apardığını, yəqin ki, hətta Antonelliyə rəqib olduqlarını görəcəyik. Bütün azarkeşlər, təkcə italyanlar yox, buna çox böyük maraqla baxacaqlar”