Beynəlxalq maraq ildən-ilə artır
Azərbaycan Qran Prisinin Bakıya gətirdiyi beynəlxalq auditoriya ildən-ilə genişlənir. Yarış üçün ölkəyə gələn xarici qonaqlar hotellərdən, restoranlardan, nəqliyyatdan və digər xidmətlərdən istifadə edir, eyni zamanda, şəhərin turistik məkanlarını ziyarət edirlər. Qran Pri bununla da turizm və xidmət sektoruna əlavə dinamika gətirir.
2025-ci ildə Azərbaycan Qran Prisini izləmək üçün ölkəyə 14 mindən çox xarici qonaq səfər edib. Biletlər dünyanın 115 ölkəsində satılıb, yarış həftəsonu ərzində isə 90 mindən çox ziyarət qeydə alınıb.
2026-cı ildə də xarici azarkeşlərin marağı yüksək olaraq qalır. Yubiley Qran Prisi üçün xarici qonaqlara satılan biletlərin sayı artıq 2025-ci ilin göstəricisini keçib.
Formula1-in xarici auditoriya üçün Bakıya səfər etmək qərarındakı rolu 2024-cü ilin göstəricilərində də özünü göstərir. Həmin il Qran Priyə bilet alanların 77 faizi xarici ölkələrdən olub. Xarici azarkeşlərin 93 faizi isə Bakıya səfərlərinin əsas səbəbinin Formula1 olduğunu bildirib.
Qran Prinin təsiri yalnız turist axını ilə də ölçülmür. Yarışa hazırlıq prosesi də yerli şirkət və mütəxəssislərin cəlb olunduğu genişmiqyaslı işlərin həyata keçirilməsini tələb edir. Bu isə Formula1-in Bakıda yaratdığı imkanların ilboyu daha geniş peşəkar və iqtisadi ekosistemə yayıldığını göstərir.
Aylarla davam edən hazırlıq
Qran Priyə hazırlıq bir neçə ay davam edir və müxtəlif sahələrdə çalışan minlərlə insanı bir araya gətirir. Yarış infrastrukturunun qurulması və sökülməsi işlərinə 1 400-dən çox mühəndis, texniki mütəxəssis, montajçı və logistika əməkdaşı cəlb olunur. Yarış həftəsində isə təşkilati işlərdə təxminən 1 500 əməkdaş, 2 000 könüllü və 1 100 marşal çalışır.
On il ərzində yarışın təşkili və hazırlıq prosesi də əhəmiyyətli dərəcədə təkmilləşib. Yerli şirkət və mütəxəssislərin rolu artıb, ilk illərdə əsasən xarici mütəxəssislərin gördüyü bir sıra işlər bu gün tamamilə yerli kadrlar tərəfindən həyata keçirilir. Toplanan təcrübə və müasir texnologiyaların tətbiqi hazırlıq prosesinin daha səmərəli təşkilinə imkan verib.
Bakı dünyanın diqqətində
Azərbaycan Qran Prisinin təsiri iqtisadi göstəricilərlə məhdudlaşmır. Yarış hər il Bakını beynəlxalq idman və media gündəminə çıxarır, şəhərin tanıdılması üçün geniş imkan yaradır.
Formula1-in rəsmi sosial media hesablarının ümumi auditoriyası 115 milyondan çoxdur. Qran Pri həftəsində bu böyük beynəlxalq platformanın diqqəti Bakıya yönəlir. Yarışı işıqlandıran media nümayəndələri və beynəlxalq yayımçılar trekdə baş verənlərlə yanaşı, şəhərin tarixi və müasir simasını da öz auditoriyalarına təqdim edirlər.
Keçən il Azərbaycan Qran Prisini yerində təxminən 300 yerli və xarici media nümayəndəsi işıqlandırıb. Televiziya yayımları, xəbər materialları və rəqəmsal kontent vasitəsilə Bakı dünyanın müxtəlif ölkələrində geniş auditoriyaya təqdim olunub.
Bunun konkret nümunələrindən biri ABŞ televiziya auditoriyasının göstəriciləridir. 2025-ci ildə Azərbaycan Qran Prisinin ESPN-də canlı yayımını orta hesabla 1.1 milyon tamaşaçı izləyib. Bu, Bakı yarışı üçün ABŞ televiziyasında qeydə alınmış ən yüksək auditoriya göstəricisidir. Əvvəlki rekord 2021-ci ildə 970 min tamaşaçı ilə qeydə alınmışdı.
Beləliklə, Formula1 Bakı üçün yalnız beynəlxalq idman yarışı deyil, həm də şəhərin dünya miqyasında tanıdılması, onun haqqında marağın artırılması və Bakının beynəlxalq idman şəhəri kimi mövqeyinin gücləndirilməsi üçün mühüm platformadır.





