Marçin Budkovski Formula1-də ilk addımlarından danışıb

Cadillac komandasında Qrəm Laudonu rəhbər vəzifəsində əvəzləyən Marçin Budkovski yeni postunda atmağı planlaşdırdığı ilk addımlardan danışıb. Polşalı mütəxəssisin sözlərinə görə, ilk növbədə komandanın iş prinsiplərini diqqətlə öyrənmək, həm bazada, həm də trasda çalışan əməkdaşlar arasında yarana biləcək anlaşılmazlığı aradan qaldırmaq niyyətindədir.

Marçin Budkovski: “İlk vaxtlar qarşımdakı əsas vəzifə dinləmək və müşahidə etmək olacaq. Mən bazadakı insanlarla tanış olmalı, onların necə çalışdıqlarını, bir-biri ilə necə ünsiyyət qurduqlarını, müxtəlif əməkdaş və şöbələrin öz aralarında necə əməkdaşlıq etdiyini anlamalıyam.

Formula1-də işlədiyim illər ərzində başa düşmüşəm ki, mövsümün ilk yarısında Cadillac-ın üzləşdiyi etibarlılıq problemləri trasdakı komanda ilə baza arasında əlaqənin zəifləməsi baxımından ciddi risk yarada bilər. Halbuki bu əlaqə istənilən Formula1 komandasında çox möhkəm olmalıdır.

Məhz buna görə də ilk iş həftəmi baza ilə Zandfortedəki tras arasında böləcəyəm. Komandanın hər iki tərəfini görmək və onların bir-biri ilə necə işlədiyini anlamaq istəyirəm. Qısamüddətli perspektivdə əsas prioritetim dinləmək, müşahidə aparmaq və bu iki bölmənin vahid komanda kimi çalışdığına əmin olmaq olacaq.

Təqvimdə 24 mərhələ olanda bazada çalışanlarla trasda işləyən əməkdaşlar bir-birini o qədər də tez-tez görmürlər və bu, heç də az hallarda problemə çevrilir. Formula1 təqvimində 16 yarış olduğu və komandaların xeyli kiçik olduğu dövrdə əməkdaşlar bazada birlikdə daha çox vaxt keçirirdilər. İndi hər şey fərqlidir, amma onların arasındakı əlaqə yenə də çox vacibdir, xüsusən də komandanın inkişafının indiki mərhələsində.

Bu il qalan yarışlarda, onların sayı isə hələ kifayət qədərdir, təşkilati strukturu, iş proseslərini, ixtiyarımızda olan alətləri və bizə nələrin çatmadığını ətraflı şəkildə araşdırmalı olacağıq. Düşünürəm ki, General Motors-un bu baxımdan təklif edəcəyi çox şey var, çünki onların böyük həcmdə texniki bilik bazası toplanıb və hələlik tam gücü ilə istifadə olunmayan çoxlu alətləri mövcuddur. Bununla yanaşı, anlamaq lazımdır ki, cəmi bir neçə ay əvvəl komanda faktiki olaraq sıfırdan yaradılıb.

ABŞ-da çox sayda texniki mütəxəssis var. Nəhayət, amerikalılar Marsa kosmik aparatlar göndərirlər. Düşünürəm ki, Atlantik okeanının o tayında malik olduğumuz imkanlardan daha fəal şəkildə yararlana bilərik. Amma bu, bir anda baş verməyəcək, ona görə də vaxt lazım olacaq.

Bununla belə, ABŞ-da sahib olduğumuz istedadlara və texniki ekspertizaya diqqət yetirməmək ağılsızlıq olardı”.