Macarıstan-2023: Sıralanma turu

Macarıstanda keçirilən sıralanma turunda poulu Mercedes komandasının sürücüsü Lyuis Həmilton qazanıb.

F-1.az bildirir ki, yeddiqat Dünya Çempionu 34 yarışdan sonra ilk dəfə poul qazanıb. O, son poulunu 2021-ci ilin Ciddə Qran Prisində əldə etmişdi.

Hunqarorinq teasındakı sıralanma turunda fərqli formatdan istifadə ediblər. Bu formata görə sürücülər birinci sessiyada Hard, ikinci sessiyada Medium, üçüncü sessiyada Soft təkərlərdən istifadə ediblər. Belə görünür ki, yeni format düşərli olub və Maks Ferstappenin 5 sıralanma turundakı poul seriaysı başa çatıb. Daha əvvəl bu trasda 8 dəfə qalib gəlmiş Lyuis Həmilton sabahkı yarışa pouldan start verəcək.

Birinci sessiyada bütün sürücülər Hard təkərlərdən istifadə ediblər. Hard təkəri qızdırmaq çətin olduğu üçün təkəri gec qızdıran sürücülər və maşınlar üçün işlər çətin olacaqdı. Əksəriyyət düşünürdü ki, bu sessiya Mercedes üçün çətin keçəcək. Elə də oldu. Keçən il burada poul qazanmış Corc Rassell 18-ci olaraq, mübarizəni 18-ci yerdə bitirdi.

Bu mövsüm ilk dəfə sükan arxasına keçən Daniel Rikkardo isə komanda yoldaşı Yuki Tsunodanı qabaqlayaraq, ikinci sessiyaya yüksələ bildi.

Birinci sessiyada uduzan sürücülər bunlar idi – Aleksander Elbon, Yuki Tsunoda, Corc Rassell, Kevin Maqnussen və Loqan Sarcent.

İkinci sessiyada isə bütün sürücülər məcburi Medium təkərlərdən istifadə etməli idilər. Buradakı ən böyük sürpriz isə Karlos Saynsın uduzması olub. İspaniyalı sürücü 11-ci olaraq, son sessiyaya çıxa bilməyib. Burada karyerasının ilk qələbəsini qazanmış Fernando Alonso isə 0.002 saniyə fərqlə üçüncü sessiyaya qala bilib.

İkinci Sessiyada uduzan sürücülər – Karlos Sayns, Esteban Okon, Daniel Rikkardo, Ləns Stroll və Pyer Qasli

Sıralanma turunun son sessiyasında Red Bull, Alfa Romeo və McLaren komandaları tam heyətlə, Ferrari (Lekler), Mercedes (Həmilton), Aston Martin (Alonso) və Haas (Hülkenberq) bir sürücü ilə təmsil olunublar.

Maks Ferstappen birinci cəhdlərdən sonra birinci yerdə olsa da, ikinci cəhdlərdə səhvlər edib və ardıcıl 6-cı poul qazanmaq fürsətini əldən verib. Əvəzində Lyuis Həmilton təcrübəsi ilə poul qazanaraq, ilyarımlıq həsrətə son verib. McLaren komandasından Lando Norris sabahkı yarışa üçüncü yerdən start verəcək.

Macarıstan yarışı sabah Bakı vaxtı ilə 17:00-da başlayacaq.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*