Lyuis Həmilton: Maks əla komandada çıxış edir

Zandfortda yeddiqat dünya çempionu Lyuis Həmilton Maks Ferstappenin Red Bull Racing-lə müqaviləsini 2030-cu ilin sonuna qədər uzatması qərarını şərh edib.

Jurnalistlər Ferrari-nin britaniyalı sürücüsündən bunun bütün Formula1 üçün yaxşı xəbər sayılıb-sayılmayacağını soruşanda, o belə cavab verib: “Bilmirəm, ola bilər. Niyə də belə olmasın. Bu mövzuda xüsusi bir fikrim olduğunu deyə bilmərəm və düşünmürəm ki, bu, nəyisə ciddi şəkildə dəyişir.

Məncə, Maks əla komandada çıxış edir. O, çox uzun müddətdir Red Bull ilə işləyir və komanda getdikcə daha da güclənir. Aydındır ki, bu, işləmək üçün həqiqətən də əla yerdir. Komandasını dəyişən sürücülərin tarixinə baxsaq, onlardan bəziləri bunu həddindən artıq tez-tez ediblər. Bəzən bu, fayda verib, bəzən isə yox.

Ona görə də özünü rahat hiss etdiyin komandada qalmaqda həmişə məntiq var. Bu onun seçimidir və düşünmürəm ki, o, pis seçim edib”.

Zandfort, Lyuis Həmiltonun Formula 1-də hələ heç bir qələbə qazanmadığı bir neçə trasdan biridir. Cümə axşamı Lyuis bunu düzəltməyə çalışacağını deyib.

Lyuis Həmilton: “Demək olar ki, bütün digər traslərdə qalib gəlmişəm, amma səhv etmirəmsə, Zandfortda hələ bir dəfə də olsun qazanamamışam. Buna görə də, əlbəttə, bunu dəyişmək istəyirəm. Bu, mənə çox güclü motivasiya verir.

Zandfortda sadəcə inanılmaz tras var, buradakı azarkeşlər isə möhtəşəm atmosfer yaradırlar. Bu mərhələni xüsusi edən isə bütün həftəsonu boyunca onu dəstəkləyən və xüsusi ab-hava yaradan Maksın azarkeşləridir.

Ancaq mənim üçün bu, Formula1-də hələ də həqiqətən ram edə bilmədiyim trasdir, buna görə də bu həftəsonu mütləq qələbə qazanmağa çalışacağam”.