Loran Mekis: “Bu vəzifədə ilk il əsl amerika dağlarına bənzəyir. Gizlətməyəcəyəm, Red Bull Racing-də işləmək böyük imtiyazdır… Yaxşı xatırlayıram ki, 2025-ci ildə həm Pyer Vaşe (texniki direktor), həm də ümumilikdə bütün komanda təslim olmaq fikrində deyildi, ötənilki maşının yetərincə rəqabətədavamlı olmaması ilə barışmaq istəmirdi.
Bununla belə, həmin vəziyyəti geridə qoymaq üçün onların bütün əsasları var idi, çünki yeni texniki reqlamentə keçid yaxınlaşırdı, biz yeni mühərriklər almalı idik, üstəlik komanda rəhbəri də dəyişmişdi. Demək olardı ki, maşın işləmir və bütün problemləri növbəti ilə həll edərik.
Ancaq heç kim belə davranmaq istəmirdi, tədricən şassi ilə bağlı yeni yanaşma tapıldı və bunun doğru yol olduğu ortaya çıxdı. Birgə səylərlə, eləcə də Maksın sükan arxasında yaratdığı möcüzələrin də köməyi ilə biz geri dönüş edə bildik”.
Red Bull Powertrains (RBPT) bölməsinin hazırladığı öz istehsalı olan mühərriklərə keçiddən danışan Mekis bunun inanılmaz dərəcədə çətin bir tapşırıq olduğunu da vurğulayıb:
“Bu, üzərində çalışdığımız ən çılğın layihə idi… Amma Red Bull-da hər şeyi həmişə öz bildikləri kimi edirlər. Biz qeyri-mümkün görünən işlərin altına giririk. Bu qərar şirkətin səhmdarları və rəhbərliyi tərəfindən verilmişdi, bunun üçün Ben Hockinsonun (RBPT-nin texniki direktoru) rəhbərliyi altında inanılmaz dərəcədə istedadlı mütəxəssislərdən ibarət qrup toplanmışdı və onlar əvvəlki dörd il ərzində kölgədə qalaraq işləyirdilər.
Etiraf etmək olar ki, qışda bizdə qaranlıq düşüncələr yaranırdı, çünki güc qurğusunda hansısa problemin olduğu üzə çıxsaydı, komanda iki-üç mövsüm ərzində rəqabətədavamlı olmayacaqdı… Amma mövsümöncəsi testlərdə artıq hiss etdik ki, hər şey normal gedir və RBPT motorçuları ilə şassiyə cavabdeh mühəndislərin necə ahəngdar işlədiyini görəndə inanılmaz sevinc hissi keçirirdik.
Məni yanlış başa düşməyin: çox şey lazım olduğu kimi işləmirdi və heç də hər şey tələb olunan səviyyədə deyildi, amma buna baxmayaraq hiss edirdik ki, artıq yaxşı nəticələr uğrunda mübarizə aparmağa çox yaxınıq. Melburna çatanda isə artıq heç bir qaranlıq düşüncə qalmamışdı…
Amma indi komanda texnikanın təkmilləşdirilməsi işinin öhdəsindən əla gəlir və bu proses inanılmaz sürətlə gedir. Mövsümün yarısı arxada qalıb, amma biz artıq çempionatın əvvəlindəki geriliyin əhəmiyyətli hissəsini aradan qaldırmışıq. Yəqin ki, liderlərin tempi ilə müqayisədə cəmi 0.3 saniyə geri qalırıq.
Bununla yanaşı, biz çox yaxşı anlayırıq ki, həmin 0.3 saniyəni qazanmaq ən çətin məsələ olacaq və bunu bacarıb-bacarmayacağımızı yalnız zaman göstərəcək. Amma texniki mütəxəssislərimizin əməyini mütləq qiymətləndirmək lazımdır: məhz onların səyləri sayəsində cəmi bir neçə ay ərzində normal səviyyəyə qayıtmışıq, indi podiumlar uğrunda mübarizə apara bilirik, tezliklə isə qələbələrə də iddia edəcəyik.
Hesab edirəm, komanda həm mənim bütün gözləntilərimi, həm də bir çox başqa insanların gözləntilərini üstələyib. Deməliyəm ki, ən çətin anlarda belə – mən yalnız son 12 aydan danışa bilərəm – motorçularımız heç vaxt bunun öhdəsindən gələ biləcəklərinə şübhə etməyiblər. Düşünmürəm ki, gələn il biz Mercedes, McLaren və ya Ferrari-dən geri qalaq. Bu isə o deməkdir ki, hər dörd komandanın titul uğrunda təxminən bərabər şansları olacaq”.





