Ferrari-dən Toyota-ya gözlənilməz zərbə

Dünən okeanın o tayında əfsanəvi Sebrinq Avtodromunda Dünya Dözümlülük Çempionatının (WEC) ilk mərhələsi başlayıb. Çempionat iştirakçıları mövsümün ilk poulu uğrunda mübarizə aparıblar.

F-1.az xəbər verir ki, ən populyar HyperCar sinfində nəticə hamı üçün sürpriz alınıb – düz 50 illik fasilədən sonra çempionata qayıdan Ferrari komandası ilk cəhdindəcə poul qazanıb. İtaliyalı sürücü Antonio Fuoko sürətli dövrəsində rəqibləri üçün əlçatmaz olub. Deyəsən, yeni Ferrari 499P sürətli alınıb, amma maşının yarış tempi barədə fikir söyləmək çətindir.

Startda növbəti iki yeri son illərin rəqibsiz dominantları Toyota maşınları tutublar – Brendon Hartli sürətli dövrədə Kamui Kobayaşidən öndə olub. Yeni Toyota maşını da sürətli alınıb, yarış tempi də qaydasındadır, ona görə də yaponlar yarışın əsas favoriti hesab olunurlar.

İlk dördlüyü digər Ferrari ekipajı tamamlayıb – Alessandro Pyer Qvidi sürətli dövrəsində komanda yoldaşına 0.807 saniyə uduzub.

Keçmiş GP3 çempionu Aleks Linnin Cadillac komandasına qazandırdığı 5-ci yer də gözlənilməz olub – LMGTE Pro sinfində 3 il əvvəl Le Manda qələbəyə sevinən britaniyalı sürücü Porsche və Peugeot komandalarının sürücülərini qabaqlayıb. Glickenhaus və Vanwall maşınları isə ənənəvi olaraq sonuncu sətirləri tutublar.

LMP2 sinfində Zek Braunun United Autosports komandası fərqlənib – Oliver Carvis həlledici dövrədə rəqiblərini qabaqlayıb. GTE-Am sinfində isə daha bir sensasiya yaşanıb – İron Dames komandasının xanım sürücüsü Sara Bovi Porsche 911-in sükanı arxasında kişi rəqiblərini qabaqlayaraq poul qazanıb.

Xatırladaq ki, 1000 mil (təxminən 1600 km) uzunluğu olan yarış cümə günü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*