Favoritləri sevməyən Barselona…

Dünən Barselonada sıralanma turunda gözlənilməz hadisələr yaşandı. Hətta sıralanma turuna baxmayan bir adam nəticələri görsəydi, əminəm ki, çox təəccüblənərdi.

Barselonadakı sıralanma turunda Maks Ferstappen yenə mükəmməl idi. O, fantastik dövrə ilə karyerasının ilk yarışını qazandığı Kataloniyada birinci dəfə poul əldə etdi. Sessiya bitdikdən sonra ən yaxın izləyicisi Karlos Saynsa 0.4 saniyə fərq atan niderlandlı sürücü son cəhdini tamamlamadı. Əgər son cəhdini tamamlasa, yəqin ki, 1 saniyəyə yaxın fərq atardı.

İspaniya Qran Prisində bütün sessiyaları lider bitirən Maks bugünkü yarışda da favoritdir. Komanda yeni motora keçib. Maks pouldadır. Arxasında isə Karlos Sayns və Lando Norris var. Yəni ki, ekstremal bir hadisə olmasa, Ferstappen Barselonada builki 4-cü qələbəsini qazanacaq.

Carlos Sainz
Carlos Sainz

Maksın komanda yoldaşı Serxio Peres isə Monakodan sonra Barselonanda da son sessiyanı görmədi. Deyəsən Avropanın havası meksikalı sürücüyə düşməyib. Monakodakı səhvdən sonra yenə də bolidini trasda tuta bilmədi və 11-ci olaraq, ikinci sessiyadan sonra ələndi. Barselonaya gəlməmişdən əvvəl komanda yoldaşı Ferstappenə 39 xal fərqlə uduzurdu. Bugünkü yarışdan sonra bu fərq deyəsən lap böyüyəcək, çünki Barselona ötmə etmək üçün çox çətin trasdır.

Günün ən böyük məyusluqlarından biri də Şarl Lekler oldu. Monakolu sürücü Barselonaya gətirilən yeniliklərdən razı görünsə də, sıralanma turunda 19-culuqan o tərəfə gedə bilmədi. Leklerin keçən il burada poul aldığını nəzərə alsaq, günün ən çokedici nəticələrindən biri olduğunu deyə bilərik. Sıralanma turundan sonra Şarl maşının arxa tərəfinin yaxşı davranmadığını dedi və Ferrari buna vaxtında reaksiya verərək, maşının arxa tərəfini tamamilə dəyişdirdi. Bu isə o deməkdir ki, Lekler yarışa pit yolundan başlayacaq.

Sürprizlərdən danışmışkən Corc Rassell də azarkeşlərini təəccübləndirdi. Gənc sürücü sıralanma turunda komanda yoldaşı Lyuis Həmiltonun tempinə cavab vermədiyi kimi hələ ona təmas da etdi. Hətta bu təmasa görə yeddiqat Dünya Çempionu poul uğrunda mübarizə apara bilmədi və beşinci yerlə razılaşdı. Amma qaradərili sürücünün tempi ona podium qazanmağa imkan verir.

Bu sıralanma turundan sonra ən çox sevinənlərdən biri isə sözsüz ki, Karlos Saynsdır. İspaniyalı sürücü bu il ya maşına öyrəşə bilmirdi ya da bəxti gətrimirdi. Lakin o, dünən yaxşı performasnla ilk cərgəni tutdu və bu Karlosun öz vətənindəki ən yaxşı sıralanma nəticəsidir. Bəlkə bu gün bəxti gətirsə, yarışı da qazanar. Onsuz da Ferrari-nin yeniliklərindən razı qalmışdı.

alonso

İspaniyanın ən böyük qəhrəmanı Fernando Alonso isə doğma publikası önündə uğursuzluq yaşadı. O, sıralanma turunun ilk dəqiqələrində bolidin altlığını zədələyərək, bəlkə də ikinciliyi əldən verdi. Üstəlik son cəhdində də səhv edərək, üçlüyə düşmək şansını itirdi. Bugünkü yarışa 8-ci yerdən başlayacaq. Aston Martin-in tempini nəzərə alsaq, ikiqat Dünya Çempionu öz vətənində podium uğrunda mübarizə apara bilər. Bolidin tempinə Alonsonun təcrübəsini və ev yarışı amilini də qatsaq, podium belə mümkündür. Bəlkə də, 2012-ci ilin Valensiya yarışındakı kimi qələbə də qazanar.

Qeyd edək ki, Alonso 2012-ci ildə Valensiya yarışına 11-ci yerdən başlasa da, yarışı qazanmışdı. Görəsən tarix 41 yaşlı sürücü üçün təkrarlanacaq?

Lando Norris
Lando Norris

Dünənin pis sürprizlərindən danışdıq. İndi isə keçək xoş sürprizlərə. Onlardan biri Lando Norris idi. Britaniyalı pilot sıralanma turunda 3-cü yeri tutaraq, Vokinqdə çalışan hər kəsin motivasiyasını artırdı. Düzdür, yarışda üçüncülüyü qorumaq onun üçün çətin olacaq, amma bu nəticə mövsümə pis başlayan McLaren üçün böyük motivasiya olacaq.

Günün digər xoş performansını Alpine komandası gpstərdi. Qasli 4-cü yeri tutdu. Düzdür, sonradan o, rəqiblərini blokladığı üçün startda 6 yer itirmək cəzası aldı. Buna baxmayaraq, Alpine-nin Avropa mövsümünə fərtəna kimi girməsi fransızları sevindirməyə bilməz. Əgər “mavilər” bu templərini qorusalar, mövsümün sonunda Ferrari-ni qabaqlaya bilərlər.

Günün digər tərifə layiq sürüsü isə Niko hülkenberq idi. Almaniyalı sürücü sözün əsl mənasında karyerasının ikinci baharını yaşayır. 3 ildən sonra yenidən idmana qayıdan Niko bu il 7-ci yarışda 4-cü dəfə Haas-ı son sessiyaya daşıdı. Niko maşına tam öyrəşdikdən sonra Amerika komandasını 7-ciliyə belə daşıya bilər…

Bu gün bizi maraqlı yarış gözləyir. Görək Həmilton, Alonso, Peres, Rassell və Lekler necə irəliyə gedəcək?

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*