CAR həm Formula1 yarışı, həm də Olimpiada keçirməyə hazırdır

Cənubi Afrikanın sonuncu Qran Pri yarışından artıq 33 ildən çox vaxt keçir və o vaxtdan bəri bu yarışı Formula1 təqviminə qaytarmaq üçün vaxtaşırı uğursuz cəhdlər göstərilib.

Bu mövzuya Londonun City AM radiostansiyasına müsahibəsində Cənubi Afrikanın idman naziri Qeyton Makkenzi də toxunub və bildirib ki, ölkəsi həm Olimpiadaya ev sahibliyi etmək, həm də yenidən milli Qran Prisini keçirmək istəyir.

“Olimpiada ilk dəfə Afrika qitəsinə gələcək, – deyə Makkenzi Cənubi Afrikanın 2036-cı il Yay Oyunlarını qəbul etməyə iddialı olduğunu nəzərdə tutaraq bildirib. – Biz həmçinin daha bir sıra yarışlar keçirməyi planlaşdırırıq. İnsanlar bu mövzularda danışmaq istəmirlər, amma narahatedici həqiqət ondan ibarətdir ki, Cənubi Afrikaya qarşı həmişə arqumentlər tapılıb, buna görə də bizdə nə Formula1 yarışı var, nə də Olimpiada.

Afrika qitəsinə baxın və onu Avropa ilə müqayisə edin: Monza, İmola və Monako bir-birinə çox yaxındır və orada Formula1-in üç yarışı keçirilir, bütün Afrikada isə bir dənə də yoxdur…”

Macarıstan mərhələsi günlərində Formula1-in prezidenti və icraçı direktoru Stefano Domenikali təsdiqləyib: “Yalnız onu deyə bilərəm ki, Afrikada danışıqlar çox uğurla irəliləyir”.

Söhbət yaxın gələcəkdə vaxtilə Cənubi Afrika Qran Prisinə ev sahibliyi etmiş Kyalami avtodromunda yenidənqurmadan sonra yarış keçirmək planlarından gedir. Lakin belə hallarda olduğu kimi, əsas suallardan biri yenə də bundan ibarətdir ki, artıq 24 mərhələdən ibarət olan təqvimə daha bir yarış hansı şəkildə daxil ediləcək. Üstəlik, gələn ildən etibarən onların bir qismi artıq rotasiya prinsipi ilə keçiriləcək.

,