Bortoleto cərimələnib, Sayns və Həcərə xəbərdarlıq edilib

Azərbaycan Qran Prisi finişindən sonra stüardlar sürücülərin yarış zamanı və startdan əvvəl yol verdiyi bir neçə qayda pozuntusunu araşdırıblar.

Ən ciddi qayda pozuntusuna Qabriel Bortoleto ilk restartdan sonra birinci dövrədə altıncı və yeddinci döngəlar arasındakı düzlükdə yol verib. Həmin anda trasda marşallar sarı bayraqlar və “Təhlükəsizlik Maşını” lövhəsi göstəriblər, baxmayaraq ki, əslində təhlükəsizlik avtomobili hələ trasda olmayıb və bunu Bortoleto radio vasitəsilə də təsdiqləyib. Bundan başqa, sükan üzərində təhlükəsizlik avtomobili ilə bağlı indikasiya olmayıb, buna görə də Audi mövqe itirməmək üçün Serxio Peresi ötməyə qərar verib.

Stüardlar da razılaşıblar ki, bu vəziyyətdə təhlükəsizlik avtomobili trasda olarkən ötməyə görə cəza tətbiq etmək olmaz, çünki o, orada olmayıb. Lakin faktiki olaraq sarı bayraqlar altında ötmə baş verib.

Hərəkətlərini izah edən Bortoleto bildirib ki, sarı bayraqları təhlükəsizlik avtomobilinin çıxışı ilə bağlı siqnalın bir hissəsi kimi qəbul edib və düşünüb ki, həmin anda təhlükəsizlik avtomobili trasda olmadığı üçün onlar artıq aktual deyil. Bu izah stüardları qane etməyib və onlar ona finiş protokoluna on saniyə əlavə olunması şəklində cəza yazıblar. Yekun protokolda Qabriel Bortoleto 13-cü yerdən 15-ci mövqeyə düşüb.

Karlos Sayns və Ayzek Həcər start düzlüyünə gedərkən yarış direktorunun təlimatını pozaraq start prosedurunu məşq etdiklərinə görə xəbərdarlıq alıblar.

, , ,