Bəhreyn Qran Prisi oktyabrın ilk həftəsonuda keçirilə bilər

Yaxın Şərqdəki hərbi münaqişə Səudiyyə Ərəbistanı və Bəhreyn Qran Prilərinin ləğv edilməsinə səbəb olub.

Lakin Silverstone-də Formula1-in prezidenti və icraçı direktoru Stefano Domenikali bu ləğv edilmiş yarışlardan birini keçirməyi planlaşdırdığını təsdiqləyib.

Domenikali konkret hansı mərhələ barədə danışdığını deməyib, lakin Sky Sports-un məlumatına görə, Bəhreyn Qran Prisinin oktyabrın 2-dən 4-dək keçirilməsi nəzərdə tutulur. Hələ yekun qərar verilməyib, amma o, yay fasiləsindən əvvəl qəbul edilməlidir.

Stefano Domenikali: “Əgər hələ keçirilməmiş yarışı elan etmək imkanı yaranarsa, bunu münasib vaxtda edəcəyik. Biz buna həqiqətən ümid edirik. Uyğun şərait yaranarsa və biz planımıza əməl etsək, niyə olmasın?

Məncə, əgər biz keçirə bilmədiyimiz yarışlardan birini keçirmək imkanı yaranarsa, ondan istifadə etmək lazımdır. Amma qərar yay fasiləsindən əvvəl qəbul edilməlidir”.

Domenikali əlavə edib ki, o, Qətər və Abu Dabi üzrə son iki mərhələnin planlaşdırıldığı tarixlərdə keçirilməsini gözləyir.

“Bizim vəzifəmiz elan olunmuş təqvimə uyğun mərhələlərin keçirilməsini təmin etməkdir, – deyir Stefano Domenikali. – Biz vəziyyəti izləyirik, çünki bu yarışların keçirilməsi təkcə idman üçün deyil, həm də siyasət üçün inanılmaz dərəcədə pozitiv siqnal olacaq və biz bu istiqamətdə hərəkət edirik. Yarışlar baş tutsa, biz deyə biləcəyik ki, problemlər arxada qalıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*