Banyaya Vinyalesi qələbəyə buraxmadı

Yay fasiləsindən sonra MotoGP iştirakçıları Silverstounda sıx, gərgin mübarizə, ötmələrlə və gözlənilməz süjet dəyişmələri ilə zəngin olan əsl yarış şah əsəri yaradıblar.
Britaniya Qran Prisinin gedişində ən azı beş müxtəlif sürücü liderliyə yüksəlib və ilk onluq finişdə altı saniyəyə yerləşib – çempionat tarixində yalnız bir dəfə daha sıx nəticə qeydə alınıb.

Startdan sonra poulun sahibi Joan Zarko peletona başçılıq edib – fransalı sürücü təqibçilərindən bir qədər uzaqlaşa da bilib. Nəhayət, 15 podiumdan sonra Zarko karyerasında ilk qələbəsini qazanacaq – deyə düşünənlər 5-ci dövrədə məyus olublar: Pramac Ducati-nin sürücüsü yenə də yıxılıb.
Bundan sonra təşəbbüsə Ducati-nin zavod komandasının hər iki nümayəndəsi – Cək Miller və Françesko Banyayanın və yarışa 11-ci başlayan Suzuki-dən Aleks Rinsin daxil olduğu üçlük yiyələnib. Lider bir neçə dəfə dəyişdikdən sonra son yarışın qalibi Banyaya izləyicilərindən uzaqlaşmağa başlayıb.Rins temp itirməyə başlayıb, Maverik Vinyales isə, əksinə, sürətlənib. Onluqdan kənarda isə Enea Bastyanininin təkərləri ideal olduğu üçün italiyalı sürücü irəliləməyə başlayıb.Vinyales əvvəlki yarışda Aprilia-da ilk podiumunu qazanmışdı, indi isə daha yaxşı nəticəyə ümid edib – ispaniyalı sürücü əvvəlcə Milleri arxada qoyub, son dövrələrdə isə Banyaya da hücumlar təşkil edib. Bir dəfə irəli çıxsa da, italiyalı sürücü əks hücumla liderliyi qaytara bilib. Son dövrədə kiçik xətalara yol verən Maverik ikinciliklə barışmalı olub.

Banyaya isə son 7 yarışda 4-cü qələbəsinə sevinib.

Mövsümün lideri Fabio Kuartararo uzun düzlüklərdə sürəti olmayan Yamaha ilə yarışı yalnız 8-ci yerdə bitirib. Dünən ağır zədə alan Aleş Esparqaro isə 9-cu olub.

Ümumi hesabda mübarizə bir qədər qızışıb. Kuartararo 180 xalla hələ də öndədir, onu Aleş Esparqaro (158) və Banyaya (131) izləyirlər.

MotoGP mövsümü iki həftə sonra Şpilberqdə davam edəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*