Azərbaycan-2023: Sıralanma turuna əsasən güc nisbətləri

Günün əsas sessiyası - bazar günü baş tutacaq yarışın start düzümünü müəyyən edən sıralanma turundan sonra yaranan vəziyyət maraq doğurur.

F-1.az olaraq, hər nə qədər bəzi komandalar sırf sıralanma turu sazlanması ilə nəticələr əldə etsələr də, güc nisbətləri barədə fikirlərimizi demək istəyirik.

 

1. Red Bull

Avstriyalılar hər nə qədər poulu əldən versələr də, yarışda onların sürücülərindən birinin – xüsusilə də, Maks Ferstappenin qələbəyə sevinəcəyinə az adam şübhə edir. Komanda demək olar ki, heç vaxt sıralanma turu sazlanması etmir. Buna görə də həlledici yarışda 2-ci və 3-cü yerlərdən start alacaq sürücülərinin Şarl Lekleri asanlıqla ovlayacaqlarını demək olar. Təbii ki, səhvlərin bağışlanmadığı şəhər küçələrində finişə çata bilsələr…

 

2. Ferrari

Avstraliyada da çox da pis təsir bağışlamayan komanda nəhayət ki, mövsümdə poul hesabını aça bilib. Düzdür, Ferrari-nin sıralanma turu sazlanması etdiyi hamıya məlumdur – komanda keçən il şənbə günləri dəfələrlə üstünlük əldə etsə də, bazar günü bunu qoruya bilmirdi.

Bu dəfə də oxşar ssenari təkrarlana bilər. Çünki builki maşın da təkərlərlə o qədər də xoş davranmır və Bakı küçələrində arxada təkərləri gec isidən və uzun müddət istifadə edə bilən daha iki komandanın olduğunu da nəzərə alsaq, monakolu sürücünün qələbəyə getməsi çox çətin məsələdir. Amma istənilən halda, bugünkü 1 və 4-cü yerlər ən yaxşı ikinci komanda kimi görünmələrinə şərait yaradır.

 

3-4. Aston Martin

Hər nə qədər sürücüləri sıralanma turunu 6 və 9-cu yerdə tamamlasa da, onları hətta üçüncü ən yaxşı komanda hesab edə bilərik. Çünki nəzərə almalıyıq ki, Mercedes yalnız bir sürücü ilə son sessiyaya yollana bilib. Bugünkü geriliyin əsas səbəbi isə maşının təkərləri çox gec qızdırması və üstəlik havanın da sərin olması idi. Lakin bu faktor sözsüz ki, yarış əsnasında komandanın lehinə çevriləcək.

Uzun müddət trasda qala bilmək Təhlükəsizlik Maşını ehtimalının yüksək olduğu traslarda üstünlük sayıla bilər. Fernando Alonso xaotik yarış baş tutarsa və insidentlərdən, problemlərdən qaça bilərsə, növbəti podiumunu əldə edə bilər. Ən azından, Ferrari üçün başağrısı olacaqlarını demək olar…

 

3-4. Mercedes

Corc Rassellin son mərhələyə keçə bilməməsi pis olsa da, Lyuis Həmilton heç də pis sayılmayan beşinciliyi əldə edib. Mercedes də Aston Martin kimi, təkərləri gec qızdıran bir komandadır və onların real gücünü yarışın irəliləyən dövrələrində görmək olacaq. İstənilən halda, bugünkü nəticələrdə Ferrari üstün görünsə də, hər iki komandanın onlara problemlər yarada biləcəyini düşünmək olar.

 

5. McLaren

Bakıda olduqca böyük yeniliklər paketi ilə gələn narıncılar üçün bugünkü nəticəni uğurlu hesab etmək olar –  hər iki sürücü ilk onluğa düşə bilib. Lando Norris həm Aston Martin, həm də Mercedes-dən bir rəqibini qabaqlayaraq yeddinci yeri tuta bilib ki, bu, komanda üçün düşünə biləcəkləri bəlkə də, ən yaxşı nəticədir.

Oskar Piastri də sıralanma turunun son sessiyasına keçib, lakin ilk 10 sürücü arasında elə 10-cu olub. Buda indiki vəziyyətdə qənaətbəxş sayıla bilər. Əsas sual isə yeniliklərin yarışda necə işləyəcəyidir. Bakı trası orta komandalara xoş sürprizlər edə bilən bir yerdir və narıncılar paytaxtımızdan xeyli xal da apara bilərlər, əliboş da dönə bilərlər.

 

Yuxarıda qeyd edilənlər yalnız bugünkü təsnifatın nəticələrinə əsasən formalaş düşüncələrdir. Növbəti günlər güc nisbətləri barədə fikirlər təbii olaraq, dəyişə bilər.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*