Avstriya-2020: Yarış

Çox güman ki, fevralda Çin Qran Prisi təxirə salınan zaman heç kim mövsümün ilk yarışının iyulda olacağını təsəvvürünə də gətirmirdi. Daha sonra vəziyyətin qlobal səviyyədə pisləşməsi ilk yarış həftəsonunun iyulun əvvəlində Avstriyada baş tutmasına gətirib çıxarıb.

F-1.az bildirir ki, Avstriya Qran Prisi Formula1 tarixində tamaşaçısız baş tutan ilk yarışdır və 1966-cı ildən bəri ilk dəfə mövsümə Avropada start verilib.

Xatırladaq ki, qış testlərində də inamlı təsir bağışlayan Mercedes gözlənildiyi kimi, burada ilk məşqlərdən nə qədər iddialı olduğunu göstərmişdi – Həmilton və Bottas hər üç sessiyanı müvafiq olaraq, birinci və ikinci yerdə başa vurmuşdular. Dünən baş tutan sıralanma turunda isə finlandiyalı sürücü çempion komanda yoldaşını üstələməyi bacararaq mövsümün ilk poulunun sahibi olmuşdu.

Dünən sıralanma turundan dərhal sonra Həmiltonun son sessiyada sarı bayraqlar altında sürətini azaldıb-azaltmadığı araşdırılmış, eyni anda həm yaşıl, həm də sarı işıqların yanması əsas götürülərək cəza verilməmişdi. Lakin bu gün Red Bull-un rəsmi etirazı və təqdim etdiyi görüntülərə əsasən, stüardlar qərarını dəyişiblər və Lyuisə startda 3 yer itirmək cəzası veriblər.

Pirelli Şpilberqə orta üçlüyü – C2, C3 və C4 tərkibləri gətirib. İlk onluqdan yalnız Ferstappen, daha arxada başlayan 12 sürücüdən isə 10-u Medium, digərləri Soft təkərlərlə yarışa başlayıblar.

Start insidentsiz ötüşüb, Bottas yerini qorumaqla yanaşı, fərqi dərhal artırıb. Vettel Rikkardonu ötüb, Covinatsi isə 4 yer qazanıb. İlk dövrədən sonra ilk onluq: Bottas – Ferstappen – Norris – Elbon – Həmilton – Peres – Lekler – Sayns – Stroll – Fettel.

Norrisi üçüncü dövrədə Elbon, bir qədər sonra da Həmilton keçib. Kvyat Covinatsi və Maqnusseni ötərək 2 yer qazanıb. Həmilton Elbona ardıcıl hücumlar edib və 9-cu turda istəyinə nail olaraq üçüncü yerə yüksəlib.

12-ci dövrədə yarışın favoritlərindən olan Ferstappenin motoru güc itirib. Niderlandlı sürücü sükanın üzərindəki düymələrlə vəziyyəti düzəltməyə çalışsa da, alınmayıb. Boksda da komandanın onu yarışa qaytarmaq cəhdləri boşa çıxıb. 14-cü dövrədə ilk onluq: Bottas – Həmilton – Elbon – Norris – Peres – Lerkler – Sayns – Stroll – Lekler – Rikkardo.

Stroll da motorun güc itirməsindən şikayət edib və Fettelə keçilib. 19-cu dövrədə isə Rikkardo mübarizəni dayandırmalı olub. İki dövrə sonra isə Stroll yarışı yarımçıq saxlamalı olub. Rəykkönen 25-ci dövrədə pit-stop edib, 26-cı dövrədə isə Maqnussen sağ ön əyləcdəki problemə görə dayanmalı olub. Təhlükəsizlik Maşını (TM) trasa daxil olub, bütün sürücülər pitə yollanıblar. Peres Medium, qalan hamı isə Hard təkərlərə keçib.

Restart 30-cü dövrədə verilib. Bottas yenə yerini qoruyub. Fettel Saysnla mübarizədə ənənəsinə sadiq qalaraq yerində fırlanıb. Peres 3 tur sonra Norrisi keçib. 33-cü dövrədə ilk onluq: Bottas – Həmilton – Elbon – Peres – Norris – Lekler – Sayns – Qasli – Kvyat – Okon.

Bottas uzaqlaşmağa çalışsa da, Həmilton buna imkan verməyib. Lakin hücum etməyə də imkan olmayıb. Qrojana tras hüdudlarından çıxdığı üçün ağ-qara bayraq göstərilib. Mercedes sürücülərinə komanda tərəfindən ötürmələr qutusundakı problemlə bağlı xəbərdarlıq edilib.

50-ci dövrədə Qrojan da əyləc probleminə görə mübarizəni dayandırıb. Bir dövrə sonra isə eyni aqibəti mexaniki problemlə üzləşən Rassell yaşayıb. TM yenidən trasa daxil olub. Elbon, Norris, Lekler, Kvyat, Fettel, Rəyykönen, Latifi və Sayns dərhal pit-stopa yollanıblar. Restart 4 dövrə sonra verilib və lider dəyişməyib. Elbon TM arxasında üçüncülüyə yüksəldiyi üçün yerini Peresə qaytarıb.

Lakin Maylanderin bugünkü işi bununla bitməyib – sağ ön təkəri yaxşı bağlanmadığı üçün çıxan Rəykkönen də mübarizəni dayandırmalı olub. Restart 60-cı dövrədə verilib. Təzə təkərlərə keçən Elbon Həmiltona hücumlar edib. Lakin keçən il Braziliya Qran Prisində baş verən hadisə təkrarlanıb – Lyuis onu keçmək istəyən Elbona təmas edərək yerində fırlanmasına və gerilərə düşməsinə səbəb olub. Hadisə dərhal araşdırılıb və Həmiltona vaxtına 5 saniyə əlavə etmək cəzası verilib.

Peres də pit yolunda sürət həddini aşdığı üçün eyni cəzaya layiq görülüb. 62-ci dövrədə ilk onluq: Bottas – Həmilton – Peres – Norris – Lekler – Sayns – Qasli – Okon – Kvyat – Fettel.

Covinatsi Fetteli keçərək 10-cu yerə yüksəlib. 64-cü dövrədə Lekler Norrisi üstələyib. Elbon sona 2 dövrə qalmış mübarizədən çəkilib. Kvyat da sol arxa təkəri partladığı üçün dayanmalı olub.

Valtteri Bottas mövsümün ilk yarışının qalibi olub. Bu, finlandiyalı sürücünün karyerasında 8-ci qələbədir. Lyuis Həmilton finiş xəttini ikinci keçsə də, vaxt cəriməsinə görə Şarl Lekler ikinci, son dövrədə fantastik nəticə göstərərək Lyuislə fərqi 5 saniyədən aşağı salan, həm də sürətli dövrəni vuran Lando Noris isə üçüncü olaraq karyerasında ilk podiumu qazanıb.

Mübarizə bir həftə sonra məhz burada – Ştriya Qran Prisi adı altında baş tutacaq.

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 77 Valtteri Bottas Mercedes AMG 2
2 16 Şarl Lekler Ferrari + 0:02.700 3
3 4 Lando Norris McLaren + 0:05.491 3
4 44 Lyuis Həmilton Mercedes AMG + 0:05.689 2
5 55 Karlos Sayns McLaren + 0:08.903 3
6 11 Serxio Peres Racing Point + 0:15.092 2
7 10 Pyer Qasli AlphaTauri + 0:16.682 2
8 31 Esteban Okon Renault + 0:17.456 2
9 99 Antonio Covinatsi Alfa Romeo + 0:21.146 3
10 5 Sebastyan Fettel Ferrari + 0:24.545 3
11 6 Nikolas Latifi Williams + 0:31.650 3

 

Sürətli Dövrə: Lando Norris (McLaren) 1:07.475 (71-ci dövrə).

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Maks Ferstappen Red Bull 14 mexaniki problem
Daniel Rikkardo Renault 19 mexaniki problem
Ləns Stroll Racing Point 21 mexaniki problem
Kevin Maqnussen Haas 27 əyləc
Roman Qrojan Haas 52 əyləc
Corc Rassel Williams 52 mexaniki problem
Kimi Rəykkönen Alfa Romeo 56 təkərin bağlanmaması
Aleksander Elbon Red Bull 69 mexaniki problem
Daniil Kvyat AlphaTauri 69 təkər partlaması

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 77 Valtteri Bottas Mercedes AMG Petronas F1 Team 25
2 16 Şarl Lekler Scuderia Ferrari 18
3 4 Lando Norris McLaren F1 Team 16
4 44 Lyuis Həmilton Mercedes AMG Petronas F1 Team 12
5 55 Karlos Sayns McLaren F1 Team 10
6 11 Serxio Peres BWT Racing Point F1 Team 8
7 10 Pyer Qasli Scuderia AlphaTauri 6
8 31 Esteban Okon Renault DP World F1 Team 4
9 99 Antonio Covinatsi Alfa Romeo Racing 2
10 5 Sebastyan Fettel Scuderia Ferrari 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 37
2 McLaren F1 Team Renault 26
3 Scuderia Ferrari Ferrari 19
4 BWT Racing Point F1 Team Mercedes 8
5 Scuderia AlphaTauri Honda 6
6 Renault DP World F1 Team Renault 4
7 Alfa Romeo Racing Ferrari 2
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*