Hokkenhaym Formula1-lə danışıqlar aparır

Avtodromun idarəedici direktoru Yorn Teske Formula1-lə danışıqların gedişi və konkret razılaşmalar əldə olunmazdan əvvəl həllini gözləyən məsələlər barədə danışıb.

Yorn Teske: “Formula1 Hokkenhaymrinqdə baş verənləri diqqətlə izləyir. Biz danışıqlar aparırıq və əlbəttə, çempionat üçün vacibdir ki, bizim tras bütün zəruri tələblərə cavab versin.

Hazırda avtodromun ərazisində qonaqların qəbulu üçün nəzərdə tutulmuş yeni Motorworld kompleksi tikilir. Kompleks təsirli görünür, amma yarışın keçirilməsi üçün özlüyündə zəruri şərt deyil. Düşünürəm ki, diqqət daha çox trasın bütün infrastrukturunun Formula 1 mərhələsini qəbul etməyə nə dərəcədə hazır olmasına yönələcək.

Bununla belə, yaydığımız fotolar hər kəsdə, o cümlədən, zənnimcə, Stefano Domenikalidə də təəssürat yaradıb. Bu, həqiqətən də möhtəşəm binadır və trasda real dəyişikliklərin getdiyini göstərir.

Hökumət və ya bütöv bir ölkə Formula1-ə maraq göstərib yarışın vacib olduğunu bəyan edəndə, bu, çox şeyi dəyişir. Hazırda xəbərlərdə yer alan Ruandaya baxın. Bəzən Almaniyada Formula1-ə nə qədər aşağı dəyər verildiyi bizi təəccübləndirir. Bu, inkişaf etmiş avtomobil sənayesinə malik ölkədə baş verir.

Əlbəttə, biz daha çox dəstək almaq istərdik, amma açıq danışsaq, dövlət maliyyələşdirilməsi şansı praktiki olaraq sıfıra bərabərdir.

Biz hələ çox məsələni həll etməliyik, buna görə də hələlik konkret nəsə elan edə bilmirik. Deməli, Formula1-in qayıdışı hələlik daha çox nəzəriyyə olaraq qalır”.

Hokkenhaymın Formula1 mərhələsini başqa bir yarışın əvəzində qəbul etməsinin maraqlı olub-olmayacağı ilə bağlı suala cavab verən Teske deyib: “Əgər başqa bir mərhələnin əvəzinə yarışın keçirilməsi Formula1-lə çoxillik müqavilə bağlamaq və uzunmüddətli gələcəyi təmin etmək şansını ciddi şəkildə artıracaqsa, biz belə imkanı mütləq nəzərdən keçirəcəyik.

Amma söhbət gələcəklə bağlı heç bir perspektivi olmayan yalnız bir yarışdan gedirsə, onda buna sərf olunan səylərə dəyib-dəymədiyini düşünərdim. Maliyyə baxımından belə təşəbbüs özünü qəti şəkildə doğrultmayacaq.

Yarışın birdəfəlik keçirilməsi nə verəcək? Mətbuatın diqqətində qısamüddətli artım, geniş müzakirələr, amma sonra hər şey yenidən sakitləşəcək. Şəxsən mən başqa varianta üstünlük verərdim. Amma bu, yalnız mənim baxış bucağımdır və şirkət daxilində biz hələ belə qərar qəbul etməmişik”.