Dekabrda Cadillac-ın motor istehsalı bazası açılacaq

Cadillac komandası Formula1-də debüt mövsümünü Ferrari güc qurğularından istifadə etməklə keçirib, lakin gələcəkdə öz istehsalı olan mühərriklərə keçməyi planlaşdırır.

General Motors-un prezidenti Mark Röyss Nyu Yorkda keçirilən Autosport Business Exchange konfransında bildirib ki, Formula1 üçün güc qurğularının hazırlanacağı və istehsal olunacağı baza dekabrın 18-də Şimali Karolina ştatının Şarlott şəhərində açılacaq.

Mark Röyss: “Güc qurğularının istehsalı üzrə zavodumuzu dekabrın 18-də Şarlottda açacağıq. Bu istiqamətdə işlər çox yaxşı irəliləyir.

Biz Formula1-ə sonuncu yeri tutmaq üçün gəlməmişik. Qarşıda bizi komanda qurmaq, güc qurğusu hazırlamaq və maşın inşa etmək vəzifəsi gözləyir – GTP kateqoriyasında etdiyimiz kimi.

Əvvəllər heç vaxt Formula1-də çıxış etmədiyimiz üçün buna daha çox vaxt tələb olunur. Güclü komanda toplamaq, uyğun mühəndislər və sürücülər tapmaq, işi yoluna qoymaq lazımdır. Bu, xətti proses deyil – irəliləyiş həmişə bərabər tempdə getmir.

Heç kim hər yarışı uda bilməz. Uğursuz gün olanda və ya səhvlərə yol veriləndə, bunu geridə qoymaq və öz üzərində işləməyə davam etmək lazımdır. Maşını, şəxsi bacarıqları, fiziki hazırlığı – daha yaxşı olmağa kömək edəcək hər şeyi təkmilləşdirmək lazımdır. Daim mükəmməlliyə can atmaq lazımdır.

Hər iki sürücümüz bunu başa düşür. Onlar belə işin necə bir fədakarlıq tələb etdiyini və məqsədə doğru necə irəliləməyin lazım olduğunu bilirlər. Açığı, onların layihəmizə bu qədər səbirli yanaşmasına çox şadam”.

,