Avstriya-2020: Sıralanma turu

Mövsümün ilk sıralanma turuna maraq həmişə çox böyük olur. Lakin cari mövsümdə pandemiya ucbatından bunun üçün qış testlərindən sonra 6 ay gözləməli olduq

F-1.az xatırladır ki, qüvvələr nisbəti barədə təsəvvür artıq sərbəst yürüşlərdən yaranıb – Lyuis Həmilton hər üç sessiyada hamıdan sürətli olub və Bottas onu izləyib. Red Bull çempion komandaya ən yaxın rəqib kimi görünsə də, Ferrari və eyni motordan istifadə edən digər komandaların geriləməsi müşahidə edilib. Racing Point isə hətta “qırmızılar”-a da rəqib ola biləcəklərini göstərib.

Şpilberqdə ötmələr çətin olduğundan, yaxşı yerdən start almaq çox əhəmiyyətlidir. Lakin indiki konfiqurasiyada baş tutmuş 13 yarışın cəmi beşində pouldan başlayan sürücülər qalib gələ biliblər.

Pirelli Red Bull Rinqə orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib.

FİA-nın yarış direktoru Maykl Masi sürücülərə 9 və 10-cu döngələrdə trasdan çıxacaqları halda nəticələrinin ləğv ediləcəyi barədə xəbərdarlıq edib.

Birinci sessiyada bütün sürücülər ən yumşaq tərkiblərlə boksları tərk ediblər. Ferstappen daha sürətli olub. İkinci cəhd üçün isə ön qanadını zədələmiş Elbondan başqa, bütün sürücülər çıxıblar. Ferstappen nəticəsini daha da yaxşılaşdırıb – 1:04.024. Williams və Alfa Romeo sürücüləri ilə yanaşı, Maqnussen də mübarizəni dayandırıb.

İkinci sessiyada Ferstappen Medium, digər sürücülər isə Soft təkərlərlə trasa çıxıblar. Həmilton ilk cəhddə hamını üstələyib, beş sürücü 1 dəqiqə, 4 saniyədən daha sürətli nəticə göstərə bilib. İkinci cəhdlərə hamı Soft təkərlərlə çıxıb. Bottas liderliyi komanda yoldaşından alıb – 1:03.015. Ferstappen nəticəsini yaxşılaşdırmayıb və sabah yarışa Medium təkərlərlə başlayacaq.

Son sessiyada gözlənildiyi kimi, hamı ən yumşaq təkərləri seçib. Bottas trasın rekordunu yeniləyib – 1:02.939. Həmilton ona cüzi uduzub, Ferstappen isə üçüncü nəticəni göstərsə də, 0.6 saniyədən çox geri qalıb. Norris boksa qayıdıb, Stroll və Rikkardo ilk cəhddən imtina ediblər. İkinci cəhdlərdə Bottas səhvə yol verərək sarı bayraqlara səbəb olub. Həmilton nəticəsini yaxşılaşdırsa da, Valtterini keçə bilməyib.

Beləliklə, Valtteri Bottas bu mövsümün ilk poulunun sahibi olub. Bu, finlandiyalı sürücünün karyerasında 12-ci pouldur. Sabahkı yarışa onun yanından Lyuis Həmilton başlayacaq. İkinci cərgə isə müvafiq olaraq, üçüncü və dördüncü yerləri tutan Maks Ferstappenlə Lando Norrisə qismət olub. Onların arxasında isə Aleksander Elbon və Serxio Peres qərarlaşıblar.

Sabah Bakı vaxtı ilə 17:10-da mövsümün ilk yarışı start götürəcək…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 77 Valtteri Bottas Mercedes AMG 2 1:04.111 6 1 1:03.015 6 1:02.039 7
2 44 Lyuis Həmilton Mercedes AMG 3 1:04.198 8 2 1:03.096 6 1:02.951 7
3 33 Maks Ferstappen Red Bull 1 1:04.024 8 8 1:04.000 8 1:03.477 7
4 4 Lando Norris McLaren 11 1:04.606 6 4 1:03.819 6 1:03.626 5
5 23 Aleksander Elbon Red Bull 12 1:04.661 6 3 1:03.746 6 1:03.868 6
6 11 Serxio Peres Racing Point 7 1:04.543 7 5 1:03.860 6 1:03.868 6
7 16 Şarl Lekler Ferrari 5 1:04.500 8 10 1:04.041 6 1:03.923 6
8 55 Karlos Sayns McLaren 6 1:04.537 6 7 1:03.971 6 1:03.971 6
9 18 Ləns Stroll Racing Point 4 1:04.309 8 6 1:03.955 6 1:04.029 3
10 3 Daniel Rikkardo Renault 9 1:04.556 6 9 1:04.023 6 1:04.239 3
11 5 Sebastyan Fettel Ferrari 8 1:04.554 7 11 1:04.206 6
12 10 Pyer Qasli AlphaTauri 10 1:04.603 8 12 1:04.305 6
13 26 Daniil Kvyat AlphaTauri 14 1:05.031 8 13 1:04.431 6
14 31 Esteban Okon Renault 13 1:04.933 6 14 1:04.643 6
15 8 Roman Qrojan Haas 15 1:05.094 8 15 1:04.691 6
16 20 Kevin Maqnussen Haas 16 1:05.164 8
17 63 Corc Rassel Williams 17 1:05.167 10
18 99 Antonio Covinatsi Alfa Romeo 18 1:05.175 8
19 7 Kimi Rəykkönen Alfa Romeo 19 1:05.224 9
20 6 Nikolas Latifi Williams 20 1:05.757 12
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*