Ştiriya-2020: Yarış

Şpilberqdə dar və keçidlərin çətin olduğu trasda ardıcıl iki yarış darıxdırıcı səslənə bilər, lakin mövsümün startını uzun müddət səbirsizliklə gözləmiş azarkeşlər üçün bu belə deyil.

F-1.az xatırladır ki, keçən həftəsonu quru havada keçsə də, bu dəfə belə olmayıb. Cümə günü müvafiq olaraq, Peresin və Ferstappenin hamını üstələdiyi birinciikinci məşqlər zamanı yağış yağmasa da, dünən üçün nəzərdə tutulan üçüncü məşqlər ləğv olunub. Sıralanma turu da planlaşdırılandan 46 dəqiqə gec başlayıb və sürücülər sona qədər yağış təkərlərindən istifadə etməli olublar.

Həmilton sıralanma turunda yağışlı havalardakı ustalığını bir daha nümayiş etdirərək 1.2 saniyəlik fərqlə poulun sahibi olub. Yarışa onun yanından start almağa Ferstappen haqq qazanıb. Sayns və Bottas ikinci, Okon və Elbon üçüncü cərgəni tutublar.

Norris birinci məşqlərdə sarı bayraqlar altında ötmə etdiyi üçün, Lekler isə sıralanma turunda Kvyatı əngəllədiyi üçün 3 yer itirməklə cəzalandırılıb. Ötürmələr qutusu dəyişdirilən Covinatsiyə 5 yer itirmək cəzası verilsə də, sıralanma turunda 19-cu olduğundan, cəmi bir pillə geri düşüb. Qrojan isə Haas tərəfindən qapalı park qaydaları pozulduğu üçün pit-leyndən start alıb.

Pirelli bir həftə əvvəl olduğu kimi, bu dəfə də orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Sıralanma turunda hər kəs yağış təkərlərindən istifadə etdiyindən, bugünkü seçimlər sərbəst olub – Rikkardo, Fettel, Kvyat, Rəykkönen, Latifi və Covinatsi Medium, yerdə qalan sürücülər isə Soft təkərlərlə yarışa başlayıblar.

Startda Həmilton yerini qoruyub, Elbon Okonu keçib. Üçüncü döngədə Ferrari sürücüləri toqquşublar – Lekler Fettelin maşınını arxadan vurub və alman sürücünün maşınının arxa hissəsi ciddi zədə alıb. Təhlükəsizlik Maşını trasa çıxıb. Fettel üçün yarış başa çatıb. Lekler məcburi pit-stop edib trasa qayıdıb. Monakolu sürücü günahını etiraf edib və üzr istəyib. 2-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Sayns – Bottas – Elbon – Okon – Rikkardo – Qasli – Norris – Stroll.

Restart üçüncü dövrədə verilib, Həmilton yenə yerini qoruyub,Stroll Norrisi keçib. Lekler də maşını zədələndiyindən, 5-ci dövrədə mübarizəni dayandırıb. Rassell bir dövrə sonra çınqıllığa düşüb və geri qayıdıb. 6-cı dövrədə Bottas Saynsı qabaqlayıb. İspan sürücü iki dövrə sonra da Elbon tərəfindən keçilib.

Elbon ilk üçlükdən hər dövrədə demək olar ki, 1 saniyə geri qalıb. Əla start alan Peres Norrisi keçərək ilk onluğa yüksəlib. Onun komanda yoldaşı Stroll da öz növbəsində Qaslini qabaqlayaraq 8-ci olub.

Rikkardo komanda yoldaşına ardıcıl hücumlar edib və Okon nəhayət ki, təslim olub. Norris də Qaslini ötüb. 21-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Bottas – Elbon – Sayns – Rikkardo – Okon – Stroll – Peres – Norris.

Ferstappen və Qasli 25-ci dövrədə pit-stop ediblər. Bir dövrə sonra Okon soyutma sistemlərindəki problemə görə yarışı dayandırıb. Həmilton 27-ci dövrədə Maksın pit-stop həmləsinə cavab verib. Sayns 33-cü dövrədə təkərlərini dəyişərkən arxa sol təkər gec bağlandığından, vaxt itirib. Bottas isə Soft təkərlərlə 35-ci dövrəyə qədər sürüb, pitdən daha təzə təkərlərlə Ferstappenin arxasında qayıdıb.

Növbəti dövrələrdə Rassell, Elbon, Kvyat, Rikkardo, Qrojan, Peres, Norris, Covinatsi və nəhayət, Rəykkönen təkərlərini dəyişiblər. Peres Strollu, Kvyat isə Qaslini keçib. 46-cı dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Bottas – Elbon – Rikkardo – Peres – Stroll – Sayns – Norris – Kvyat.

Peres 49-cu dövrədə Rikkardonu keçib və dərhal Elbonla fərqi azaldıb. Sayns təkərlərlə bağlı problem yaşadığından, Norrisi önə buraxıb. Bottas arxa təkərləri tamamilə yeyilmiş Ferstappenlə fərqi azaltmağa başlayıb, 66-cı dövrədə onu keçib. Lakin Maks yerini qaytarmağa müvəffəq olub. Növbəti cəhd daha uğurlu olub və keçən yarışın qalibi ikinci yerə yüksəlib.

Sayns və Ferstappen ən sürətli dövrə vurmaq üçün təkərlərini dəyişiblər və Sayns buna nail olaraq əlavə bir xal qazanıb. Peres Elbona hücum edib və ön qanadını zədələyib. Sonuncu dövrədə Stroll Rikkardonu təhlükəli şəkildə keçib.

Lyuis Həmilton mövsümdə birinci, karyerasında isə 85-ci qələbəsini qazanaraq Mixael Şumaxerin rekorduna bir qədər də yaxınlaşıb. Valtteri Bottas ikinci olaraq çempionatdakı liderliyini qoruyub. Maks Ferstappen isə üçüncü yeri tutaraq mövsümdə ilk xallarını qazanıb.

Çempionatın iştirakçıları iki həftə vaxt keçirdikləri Şpilberqi tərk edirlər – mübarizə gələn həftə Macarıstanda davam edəcək.

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:22.50.683 1
2 77 Valtteri Bottas Mercedes AMG + 0:13.719 1
3 33 Maks Ferstappen Red Bull + 0:33.698 2
4 23 Aleksander Elbon Red Bull + 0:44.400 1
5 4 Lando Norris McLaren + 1:01.470 1
6 11 Serxio Peres Racing Point + 1:02.387 1
7 18 Ləns Stroll Racing Point + 1:02.453 1
8 3 Daniel Rikkardo Renault + 1:02.591 1
9 55 Karlos Sayns McLaren +1 dövrə 2
10 26 Daniil Kvyat AlphaTauri +1 dövrə 1
11 7 Kimi Rəykkönen Alfa Romeo +1 dövrə 1
12 20 Kevin Maqnussen Haas +1 dövrə 1
13 8 Roman Qrojan Haas +1 dövrə 1
14 99 Antonio Covinatsi Alfa Romeo +1 dövrə 1
15 10 Pyer Qasli AlphaTauri +1 dövrə 2
16 63 Corc Rassel Williams +2 dövrə 1
17 6 Nikolas Latifi Williams +2 dövrə 1

 

Sürətli Dövrə: Karlos Sayns (McLaren) 1:05.619 (68-ci dövrə, 236.894 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Sebastyan Fettel Ferrari 1 qəza
Şarl Lekler Ferrari 5 qəza
Esteban Okon Renault 26 soyutma sistemi

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 77 Valtteri Bottas Mercedes AMG Petronas 43
2 44 Lyuis Həmilton Mercedes AMG Petronas 37
3 4 Lando Norris McLaren F1 Team 26
4 16 Şarl Lekler Scuderia Ferrari 18
5 55 Serxio Peres BWT Racing Point F1 Team 16
6 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 15
7 55 Karlos Sayns McLaren F1 Team 13
8 23 Aleksander Elbon Aston Martin Red Bull Racing 12
9 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 6
10 18 Ləns Stroll BWT Racing Point F1 Team 6
11 31 Esteban Okon Renault DP World F1 Team 4
12 3 Daniel Rikkardo Renault DP World F1 Team 4
13 99 Antonio Covinatsi Alfa Romeo Racing 2
14 26 Daniil Kvyat Scuderia AlphaTauri Honda 1
15 5 Sebastyan Fettel Scuderia Ferrari 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 80
2 McLaren F1 Team Renault 39
3 Aston Martin Red Bull Racing Honda 27
4 BWT Racing Point F1 Team Mercedes 22
5 Scuderia Ferrari Ferrari 19
6 Renault DP World F1 Team Renault 8
7 Scuderia AlphaTauri Honda Honda 7
8 Alfa Romeo Racing Ferrari 2
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*