Ş.Lekler yeni müqavilə üçün danışıqlara başlayıb

Ferrari-nin sürücüsü Şarl Leklerin komandası ilə olan müqaviləsi 2024-cü ilin sonunda bitəcək. Monakolu sürücü yeni müqavilə üçün danışıqlara başlayıb.

F-1.az xatırladır ki, Ferrari bu mövsümə çox pis başlayıb. Buna görə də əksəriyyət düşünür ki, Lekler “qırmızılar”la yollarını ayıracaq. Mövsümün əvvəlində monakolu sürücünün adı Mercedes-lə hallansa da, Toto Volff bu dedi-qoduları təkzib etmişdi. Daha sonra isə Frederi Vassyör də 25 yaşlı sürücünün komandada qalacağını demişdi.

Ancaq İspaniya və Kanada yarışlarındakı uğursuzluqlardan sonra Leklerin komandadan ayrılacağı ilə bağlı iddialar yenidən alovlanmağa başladı. Hətta Şarl Kanadada sıralanma turunda son sessiyaya qalmadığı üçün komandasının taktikasını açıq formada tənqid etmişdi.

Şarl Lekler: “Yeni müqavilə üçün danışıqlara başlayırıq. Düzünü desəm, danışıqların sona çatması üçün hər-hansı bir tarix yoxdur. Hələ xüsusi bir şey olmayıb.

Ferrari-ni sevirəm. burada xoşbəxtəm. Alternativlərimi açıq tutmağı sevmirəm. Ferrari hazırkı vəziyyətə gəlməyimə kömək etdi və burada olmaqdan həmişə xoşbəxt olmuşam. Bunu həmişə demişəm və gizlətməmişəm. Əlbəttə, mən də, komanda da hazırkı vəziyyətdən razı deyilik. Lakin doğru yöndə addımlayırıq”.

Şarl Lekler Mercedes-lə çıxan dedi-qodular barədə də danışıb: “Keçmişdə belə danışıqlar aparmamışam. Sadəcə Formula1 karyeramda ilk dəfə sona yaxınlaşan müqaviləm var. İndiyə kimi etdiyim dəyişikliklər bəsit idi. Bu da fərqli bir vəziyyətdir. Amma mənim üçün vacib deyil, çünki sadəcə performansıma köklənmişəm. Hələlik Ferrari-dəki əsas hədəfim tezliklə qalib gəlməkdir”.

Qeyd edək ki, monakolu sürücü Ferrari-nin Sürücü Akademiyasında yetişib. O, 2017-ci ildə Formula2-də Dünya Çempionu olduqdan sonra 2018-ci ildə Sauber komandası ilə Formula1-də debüt edib. 2019-cu ildə isə Ferrari-yə transfer olunub. Ferrari-də 5ci mövsümünü keçirən Lekler indiyə kimi 5 qələbə qazanıb. Onun ən yaxşı nəticəsi  keçən il Sürücülər Çempionatındakı ikincilik olub.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*