Marçin polyak və fransız köklərinə malikdir, Formula 1-dəki karyerası ərzində Prost, Ferrari, McLaren, FİA və Renault/Alpine-də rəhbər vəzifələr tutub, son illərdə isə məsləhətçi kimi çalışıb.
Komandanın icraçı direktoru Dən Tauriss: “Marçinin təyinatı Cadillac komandasının davam edən inkişafında növbəti mühüm addımdır.
Ən başından məqsədimiz sadəcə Formula1-də iştirak etmək yox, ən yüksək səviyyədə mübarizə apara biləcək yeni nəsil komanda qurmaq olub. Bu yeni eraya qədəm qoyarkən Marçin Formula1-dəki böyük təcrübəsini, texniki ekspertizasını və strateji liderlik keyfiyyətlərini özü ilə gətirəcək. Bunlar təşkilatımızı gücləndirəcək və uzunmüddətli uğur üçün zəruri olan qalib ruhunu, alətləri və prosesləri formalaşdırmağa kömək edəcək.
Qrem Loudona liderliyinə və komandanın sıfırdan qurulmasındakı roluna görə minnətdarıq. Onun töhfəsi hazırlıq mərhələsində möhkəm təməl yaratmağımıza kömək etdi, biz ona işə sadiqliyinə görə təşəkkür edir və ən xoş arzularımızı çatdırırıq”.
Marçin Budkovski, komanda rəhbəri: “Cadillac komandası böyük potensiala və iddialı hədəflərə malikdir. İndi onun üçün çox böyük imkanlar dövrü başlayır və bu mərhələ aydın məqsədlə müəyyən olunacaq: xərclər limiti çərçivəsində maşını maksimum səmərə ilə inkişaf etdirmək, komandanın bütün bölmələrinin imkanlarından istifadə etmək.
Söhbət qalib düşüncəsinə sahib komanda qurmaqdan gedir – məqsədyönlü, uğursuzluqlarla üzləşəndə belə yolundan dönməyən, detallara və proseslərə xüsusi diqqət yetirən, eyni zamanda yarış günü qarşıya qoyulan tapşırıqları dəqiq yerinə yetirməyi bacaran komanda.
Mən diqqətimi əməkdaşlarımızın fəaliyyətinin, alətlərin və informasiya axınlarının uzlaşdırılmasına yönəldəcəyəm ki, qərarlar sürətlə qəbul olunsun və maşının effektivliyi hər yarışda artsın. Gələn həftəsonu Zandfortda keçiriləcək yarışdan etibarən Cadillac komandasına rəhbərlik etmək mənim üçün böyük şərəfdir”.





