Lando Norris: “Bunu demək çətindir, hər şey həm səndən, həm də rəqiblərin necə çıxış etməsindən asılıdır. Demək istəyirəm ki, əlbəttə, biz o qədər də çox geri qalmırıq, amma mövsüm boyu, bəlkə də bir-iki yarış istisna olmaqla, iki addım geridə olmuşuq.
Tədricən irəliləmişik və düşünürəm ki, bizim maşının pis olmayan potensialı var, amma problem ondadır ki, onu idarə etmək həddindən artıq çətindir. Ona görə də məsələ təkcə MCL40-ın sürətini artırmaqda deyil, həm də maşının bütün tip traslərdə davranışını daha sabit etməyə nail olmaqdır. Komanda idarəetmə ilə bağlı problemi anlamaq üçün çalışır.
Düzünü desəm, Braziliya və Las Veqasdakı mərhələlərdə təqdim olunacaq yeniliklərin hansı effekt verəcəyini bilmirəm. Ola bilsin, onlar effektivliyi artırmağa imkan verəcək, amma düşünmürəm ki, maşını sürmək asanlaşacaq. Hətta istisna etmirəm ki, daha da çətinləşəcək.
Belə məsələlərin həlli ilə həmişə mütəxəssislər məşğul olur, mən isə yalnız maşının davranışı ilə bağlı təəssüratlarımı bölüşə bilərəm, nəyə nail olmaq istədiyimi və çətinliklərin nə ilə bağlı olduğunu deyirəm. Ağıllı mühəndislərimiz və aerodinamika üzrə mütəxəssislərimiz də mənim şərhlərim əsasında dövrədə nəticələri yaxşılaşdırırlar.
Mən bunu detallı şəkildə şərh edə bilmərəm, amma komanda intensiv işləyir, hamı çox gərgin çalışır”.
Artıq tam aydındır ki, yeni dünya çempionu Kimi Antonelli olacaq və Norrisdən 20 yaşlı Mercedes sürücüsünün titulu qazanmasının onun ötənilki uğurundan daha asan olub-olmadığı barədə fikrini bölüşməsi istənilib.
“Bu, məni narahat etmir, – deyə Lando cavab verib. – O, titul yolundadır və onu qazanacaq, açığı, bunun necə baş verəcəyinin kimisə ciddi maraqlandırdığını düşünmürəm. Niyə bu, kimisə maraqlandırmalıdır? Kimi işinin öhdəsindən əla gəlir və deyərdim ki, inanılmaz dərəcədə yaxşı çıxış edir. Onun çox istedadlı komanda yoldaşı var, amma mövsüm boyu Corcu Rasselldən qabaqlayıb.
Mən Kiminin nailiyyətlərinə böyük hörmətlə yanaşıram, o, əla oğlandır, münasibətlərimiz çox yaxşıdır və sevinirəm ki, indi məhz o, bir nömrəli sürücü olacaq. Antonelli buna tam layiqdir. Başa düşürəm ki, mən öz titulumu dəhşətli dərəcədə zəif qorumuşam, amma çətin ki, nəsə mənim əlimdə olub, hərçənd mənə elə gəlir ki, bu il kifayət qədər yaxşı pilotaj etmişəm. Ancaq indi bizim başqa maşınımız var və mən buna təsir göstərə bilmirəm”.





